×
A
A
A
Sazlamalar

Üç ayda ümumi daxili məhsul 2,3 faiz artıb

Bakı, 22 aprel, AZƏRTAC
Yanvar-mart aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 17185,1 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövrdə tikinti sektoru istisna olunmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. İnformasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 13,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 12,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, sənaye və ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin hər birində 2,6 faiz, digər xidmət sahələrində 1,3 faiz artıb, tikintidə isə 11,2 faiz azalıb.
İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,9 faiz, neft sektorunda isə 1,5 faiz artıb. ÜDM istehsalının 48,2 faizi sənayedə, 10,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,5 faizi tikintidə, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi informasiya və rabitə sahələrində, 15,0 faizi digər sahələrdə istehsal olunub, məhsula və idxala xalis vergilər isə ÜDM-in 6,5 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1755,7 manata bərabər olub.

Maliyyə 2018-04-22 04:19:00