×
A
A
A
Sazlamalar

Pakistan mətbuatı Xocalı soyqırımından yazır

İslamabad, 21 aprel, AZƏRTAC

Pakistanda nəşr olunan “Parliament Times” qəzetində və portalında, həmçinin “The Fortress” saytında jurnalist Zaman Bacvanın “İnsanlıq əleyhinə Xocalı qətliamı. Bir daha olmasın” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə törədilmiş və tarixin ən dəhşətli faciələrindən biri olan Xocalı qətliamının bəşəriyyətə qarşı soyqırımı aktı olduğu bildirilir, Xocalının Azərbaycan tarixinə aid olan qədim abidələrinin ermənilər tərəfindən məhv edilməsinin əslində insanlığa qarşı olduğu diqqətə çatdırılır.
Müəllif yazır ki, faciə zamanı həyat yoldaşını və 3 övladını itirən Elxan Hüseynov soyqırımından 26 il keçməsinə baxmayaraq, hələ də öz ailəsini axtarır. O qanlı gün ermənilər 613 azərbaycanlını qəddarlıqla öldürüb, 487 nəfər şikəst edilib, 1275 nəfər əsir götürülüb. Bu soyqırımı haqqında materiallar “The New-York Times”, “Sunday Times”, “Washington Times”, “The Times” kimi nüfuzlu qəzetlərdə verilib. Qəzetlərdə ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş azərbaycanlıların cəsədlərinin hər tərəfə səpələndiyi, dərilərinin soyulduğu və üzlərinin tanınmaz hala salındığı bildirilən məqalələr dərc olunub.
Məqalədə vurğulanır ki, o zaman Ermənistan prezidenti olan Serj Sarkisyan britaniyalı jurnalistlə müsahibəsində demişdi: “Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən bir xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındırdıq”. Yazıda, həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə Xocalı soyqırımına siyasi və hüquqi qiymət verildiyi bildirilir. Pakistan, Türkiyə, ABŞ, Serbiya, Sudan, Çexiya, İsrail və digər dövlətlərin Xocalı soyqırımının tanınması barədə sənədlər qəbul etdikləri oxucuların diqqətinə çatdırılır.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Qan yaddaşı 2018-04-21 14:25:00