×
A
A
A
Sazlamalar

Meyvə və tərəvəz istehsalçıları ilə ixrac məsələləri müzakirə edilib

Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalçıları ilə ixrac məsələlərinin müzakirəsinə dair İxracatçılar Klubunun növbəti iclası keçirilib. İclasda bu sahədə fəaliyyət göstərən 20-yə yaxın ixracatçı iştirak edib.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov məhsullarımızın xarici bazarlara ixrac edilməsində istehsalçılara göstərilən dəstək barədə danışıb. İxracatçıları "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi mexanizmlərindən daha çox faydalanmağa, ixracın şaxələndirilməsində fəallığın artırılmasına dəvət edib. Eyni zamanda, Azərbaycan məhsullarının ənənəvi bazarlarla yanaşı, tanınmış iri market şəbəkələrinə çıxışının vacibliyini vurğulayıb. İclasda ixracatçıların bu istiqamətdə qarşılaşdıqları problemlərlə tanış olunub.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Biznes 2018-04-20 18:54:00