×
A
A
A
Sazlamalar

Bakıda Bolqarıstan məhsullarının satıldığı mağazalar və ticarət evi açıla bilər

Bakı, 20 aprel, AZƏRTAC

Bakıda Bolqarıstan məhsullarının satıldığı mağazalar və ticarət evi açıla bilər.
Bu məsələ Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Bolqarıstanın nümayəndə heyəti ilə keçirilən görüşdə müzakirə olunub.
ASK-dan AZƏRTAC-a bildiriblər ki, Bolqarıstanın Azərbaycan üçün dost ölkə olduğunu deyən ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, iki ölkənin dövlət başçıları arasında olan yaxşı münasibətlər iqtisadi əlaqələrimizin daha da genişləndirilməsinə zəmin yaradır. Qeyd olunub ki, Bakı ilə Sofiya arasında birbaşa aviareysin açılması hər iki istiqamətdə turizmin inkişafı ilə yanaşı iki ölkənin iş adamlarının sıx əməkdaşlığı üçün də şərait yaradacaq.
Azərbaycanda Bolqarıstanın ticarət missiyasının rəhbəri kimi yeni təyin olduğunu deyən İliyan Kostov ASK ilə sıx əlaqələrin qurulmasında və biznes icmalara dair məlumatların mübadilə edilməsində maraqlı olduğunu bildirib: “Qeyd etdiyiniz kimi doğrudan da ölkələrimiz arasında çox gözəl dostluq münasibətləri mövcuddur. Lakin ölkələrimiz arasında olan ticarət dövriyyəsinin hazırkı həcmi bu münasibətlərin səviyyəsinə uyğun deyil. Bolqarıstan şirkətlərinin Azərbaycana marağı böyükdür. Azərbaycandakı gənc nəsil bizim nəslin nümayəndələrindən fərqli olaraq Bolqarıstan məhsulları haqqında yaxşı məlumatlı deyil. Bu baxımdan Bakıda Bolqarıstan məhsullarının satıldığı mağazaların və ticarət evinin açılması yaxşı ideyadır”.
Məmməd Musayev Bolqarıstan şirkətlərini Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməklə məhsullarını Mərkəzi Asiya və qonşu ölkələrin bazarlarına çıxarmağı təklif edib. M.Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının Bolqarıstanla ticarət əlaqələrinin inkişafı və iki ölkənin iş adamları arasında münasibətlərin qurulması istiqamətində hər an dəstək göstərməyə hazır olduğunu bildirib.

Biznes 2018-04-20 12:45:00