×
A
A
A
Sazlamalar

Banklar tərəfindən elektron ticarət xidmətinin təqdim edilməsinə həsr olunmuş seminar

Bakı, 19 aprel, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “VISA Inc.” beynəlxalq kart təşkilatının iştirakı ilə bankların, habelə prosessinq fəaliyyətini həyata keçirən təşkilatların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mövcud beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində növbəti seminar keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi prioritet hədəfinin icrası çərçivəsində təşkil olunan seminar banklar tərəfindən elektron ticarət xidmətinin təqdim edilməsi və baş verə biləcək fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunub.
Tədbir zamanı “VISA Inc.” beynəlxalq kart təşkilatının MDB ölkələri və Cənub-Şərqi Avropa regionu üzrə risklər üzrə baş direktoru Larisa Makarova banklar tərəfindən elektron ticarətin təşkili, təsərrüfat subyektləri və üçüncü tərəflərlə qarşılıqlı əlaqələrin qurulması, elektron ticarətdə baş verə biləcək risklər və fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması haqqında ətraflı məlumat verib.
Tədbirdə qeyd olunan mövzu ətrafında iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılaraq “VISA Inc.” beynəlxalq kart təşkilatı tərəfindən ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə atılacaq addımlara da toxunulub.

Maliyyə 2018-04-19 11:01:00