×
A
A
A
Sazlamalar

Yaponiya saytları Bakıda keçiriləcək “Japan Expo-2018” sərgisindən yazır

Tokio, 17 aprel, AZƏRTAC

Yaponiyanın “news.biglobe.no.jp” və “Prtimes.jp” saytlarında cari ilin oktyabrında Bakıda keçiriləcək “Japan Expo-2018” sərgisi barədə məqalələr yayılıb.
AZƏRTAC xəbər verir ki, “Şərqi Avropa, Yaxın Şərq və Şərqi Asiya üçün logistik baza. Ən böyük “Japan Expo” sərgisi Azərbaycanda!” adlı məqalələrdə oktyabrın 25-dən 28-dək Bakıda təşkil ediləcək sərgi barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, son illər sürətli inkişafı ilə diqqəti cəlb edən Azərbaycan istiqaməti hazırda dünyanın bir çox ölkələrinin iş adamlarını ölkəmizə cəlb edir. Bildirilir ki, Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqlarının mənimsənilməsi nəticəsində ölkəmiz qazandığı iqtisadi uğurlarla yapon iş adamlarının da böyük diqqət yetirdiyi ölkələrdən birinə çevrilir. Yaponiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılır. Son illər Komatsu və Osaka şəhərlərindən Bakıya birbaşa karqo uçuşlarının açılması uğurlu addımlardan biri kimi qeyd edilir. Bildirilir ki, ötən il Bakıda təşkil edilən “Japan Expo-2017” yapon məhsulları sərgisi şəhər sakinləri, iş adamları və dövlət qurumları tərəfindən böyük maraqla qarşılanıb.
Məqalələrdə “Japan Expo-2018” yapon məhsulları sərgisinin yapon iş adamları tərəfindən böyük həvəslə qarşılandığı da qeyd edilir. Təşkilatçıların verdiyi məlumata görə 300-ə yaxın şirkətin nümayəndələrinin iştirak edəcəyi sərgidə yapon iş adamları Azərbaycanın dövlət qurumları, yerli şirkətləri və iş adamları ilə birbaşa ünsiyyətdə ola biləcəklər. Buna görə də Azərbaycana səfərin, Bakıda baş tutacaq növbəti sərginin yapon iş adamları üçün əlverişli addım olacağı xüsusi vurğulanır.
Azərbaycan tərəfinin sərgiyə böyük maraqla yanaşdığı, ölkə mətbuatının bu sərgiyə mühüm informasiya dəstəyi verdiyi xüsusi qeyd edilir. Bildirilir ki, Azərbaycanın ən böyük dövlət informasiya agentliyi olan AZƏRTAC, eyni zamanda, televiziya kanalları sərginin populyarlaşmasına hərtərəfli dəstək verirlər.
Sərginin Yaponiya tərəfdən builki təşkilatçısı “Connect Corporation” şirkətinin Azərbaycanın “Silkway Group” ilə yaratdığı birgə müəssisə tərəfindən yapon məhsullarının Bakıya təhlükəsiz çatdırılacağı da vurğulanır. Azərbaycanda biznesin inkişafı, xüsusən də əcnəbi iş adamlarının fəaliyyəti üçün çox əlverişli şəraitin yaradıldığı, ölkə qanunvericiliyinin bu istiqamətdə təkmilləşdirildiyi qeyd edilir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Biznes 2018-04-17 17:34:00