Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


Qobustan Rayon Mərkəzi Xəstəxanasının binası bu il istifadəyə veriləcək

Qobustan, 16 aprel, AZƏRTAC

Cari ilin birinci rübündə Qobustan rayonunda təhsil, səhiyyə, habelə istehsal, əkin sahələrinin suvarılması ilə bağlı dövlətimizin başçısı tərəfindən 5 Sərəncam imzalanıb ki, bu sərəncamlarla bölgəyə, ümumilikdə, 20 milyon manatdan artıq vəsait ayrılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə aprelin 16-da Qobustanda keçirilən və 2018-ci ilin ilk üç ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, eləcə də məruzə ətrafında müzakirələrdə bu il Qobustanda aparılan tikinti-quruculuq tədbirlərindən danışılıb, görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, bu il mərkəzi xəstəxananın binası, Şahmat məktəbi istifadəyə veriləcək. Qobustan şəhərində 624 şagird yerlik üçmərtəbəli məktəb binasının tikintisi isə davam edir. 2 saylı uşaq bağçası üçün 100 yerlik binanın tikintisinə də başlanılıb. Habelə rayonda 150 nəfərdən artıq qadının işlə təmin ediləcəyi xalça istehsalı emalatxanası tikiləcək, regional yun qəbulu və boya bitkilərinin tədarükü məntəqəsi yaradılacaq.
Vurğulanıb ki, hesablamalara əsasən, rayon üzrə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz artıb.
Məruzə və çıxışlarda rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub. Bildirilib ki, cari ilin məhsulu üçün 30151 hektar sahədə taxıl əkilib. Bu, rayonda taxıl əkini sahəsində yüksək göstəricidir. 615 hektardan artıq sahədə isə yazlıq bitkilər becərilir. Heyvandarlıq sahəsində də ilin ilk üç ayı uğurlu olub. Ət istehsalı 2,1 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı isə 6,8 faiz artıb.
Hesabat yığıncağında rayonda 1000 hektarda aqroparkın yaradılması, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin təbii qazla, içməli su ilə normal təminatı istiqamətində görülən işlər geniş müzakirə olunub, qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib.

Regionlar 2018-04-16 18:22:00