×
A
A
A
Sazlamalar

Daha 24 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçəcək

Bakı, 12 aprel, AZƏRTAC
İyirmi dörd sahibkar və menecerdən ibarət növbəti qrup aprelin 9-dan Almaniyanın Ştutqart şəhərində yerləşən "Baden Vürttemberq İxrac Akademiyası" Tədris Mərkəzində təlim və istehsal müəssisələrində təcrübə keçir. Təcrübə kursu mayın 4-dək davam edəcək.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, indiyədək 355 sahibkar və menecer "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında anlaşma memorandumuna müvafiq olaraq "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində işlər 2018-ci ildə də davam etdirilir. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın tədris mərkəzlərində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr qururlar.

Biznes 2018-04-12 05:52:00