×
A
A
A
Sazlamalar

Çexiyada 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Praqa, 5 aprel, AZƏRTAC

Çexiyanın Praqa şəhərindəki Karl Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.
Tədbir çərçivəsində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin Kanadanın nüfuzlu akademik nəşriyyatı olan “McGill–Queen’s University Press” tərəfindən çap olunmuş “Sərhəd zolaqlarının məskunlaşdırılması və Cənubi Qafqazda etnik münaqişə” kitabının təqdimatı olub.
Kitabda çar Rusiyası və sonradan Sovet İttifaqı tərəfindən Cənubi Qafqazda, xüsusilə Azərbaycanda həyata keçirilən köçürmə siyasəti, bununla əlaqədar regionda müşahidə olunan sosial-demoqrafik proseslər, o cümlədən ermənilərin Qarabağ və İrəvan xanlıqlarında məskunlaşdırılması, XX əsrin əvvəllərində baş vermiş etnik münaqişələrin səbəbləri və nəticələri, eləcə də 1948-1953-cü illər ərzində azərbaycanlıların Ermənistandan deportasiyası haqqında məlumatlar öz əksini tapıb.
Səfir Fərid Şəfiyev çıxışı zamanı 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımının bu günlərdə 100 illiyinin qeyd olunduğunu bildirib və bu barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə Çexiya dövlət qurumlarının, parlamentinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, beyin mərkəzlərinin, tədqiqat institutlarının araşdırmaçıları, tələbələr, yerli ictimaiyyətin və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Qan yaddaşı 2018-04-05 15:27:00