×
A
A
A
Sazlamalar

Türkiyə qəzetində 31 mart soyqırımından bəhs edən məqalə dərc olunub

Bakı, 3 aprel, AZƏRTAC
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev adına Mədəniyyət Evinin rəhbəri, “Azərbaycanın səsi” jurnalının baş redaktoru Bilal Dündarın “Kocaeli” qəzetində “Azərbaycanda 31 mart soyqırımı və işğallar” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə bolşeviklərin dəstəyi ilə erməni hərbi birləşmələrinin Azərbaycanda həyata keçirdiyi soyqırımı haqqında geniş məlumat verilir. 31 mart - Azərbaycanlıların Soyqırımı Günündən bəhs edən müəllif 1918-ci ilin mart ayında təkcə Bakıda 30 min günahsız insanın amansızcasına qətlə yetirildiyini, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, indiki Ermənistan ərazində olan tarixi Azərbaycan torpaqları - Zəngəzur qəzası və İrəvan vilayətlərində isə təxminən 120 min insanın öldürüldüyünü diqqətə çatdırır. B.Dündar ermənilərin 200 ildən artıq müddətdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin davamı olan Xocalı soyqırımının əks olunduğu fotoşəkillərin Kocaeli Heydər Əliyev adına Mədəniyyət Evində yaradılmış muzeyin “Soyqırımının səssiz şahidləri” guşəsində sərgiləndiyini qeyd edərək muzeyə gələn minlərlə insanın buradan göz yaşları içində və onun icraçılarına lənət yağdıraraq getdiyini vurğulayır.
Ermənistandakı ağır sosial-iqtisadi, siyasi vəziyyəti müqayisəli şəkildə təqdim edən müəllif Azərbaycanın hərbi məqsədlər üçün ayırdığı vəsaitin Ermənistanın ümumi dövlət büdcəsindən artıq olduğunu, Azərbaycan Ordusunun müasir silahlara malik olduğunu, Azərbaycanın müstəqil siyasət yürütdüyünü, Ermənistanın isə forposta çevrildiyini, asılı vəziyyətə düşdüyünü qeyd edir.
B.Dündar regionda Azərbaycanın iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələrini qeyd edərək Azərbaycanın həyata keçirdiyi bir sıra beynəlxalq və regional əhəmiyyətli layihələrlə təcavüzkar Ermənistanın təcridinə nail olduğunu, işğala son qoymayınca, təcavüzkar ordusunu Azərbaycan torpaqlarından tamamilə çıxarmayınca bu siyasətin davam edəcəyini, Azərbaycanın işğal edilmiş əraziləri azad olunmayanadək Türkiyənin Ermənistanla sərhədlərini açmayacağını bir daha diqqətə çatdırır.

31 mart 2018-04-03 16:52:00