×
A
A
A
Sazlamalar

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi olub

Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də “Pxençan-2018” Qış Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, 35 min azarkeş tutumu olan Pxençan Olimpiya Stadionunda keçirilən mərasimdə əvvəlcə Koreya Respublikanın bayrağı qaldırılıb və dövlət himni səsləndirilib.
Dünya musiqisi ilə Koreya milli musiqi alətlərinin vəhdətindən ibarət kompazisiyanın təqdimatından sonra “Pxençan-2018”də iştirak edən ölkələrin bayraqları stadiona gətirilib.
Sonra idmançıların paradı olub.
Mərasim xizəkçilik yarışları üzrə qadınlar arasında 30, kişilərin mübarizəsində isə 50 kilometr məsafəyə marafon yarışlarının qaliblərinin mükafatlandırılması ilə davam edib. Qalibləri medalları Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezienti Tomas Bax və Beynəlxalq Xizəksürmə Federasiyasının prezidenti Qik Frank Kasper təqdim ediblər.
Könüllülərə təşəkkür edildikdən sonra musiqi proqramı təqdim olunub.
Ənənəyə uyğun olaraq Yunanıstanın bayrağı qaldırılıb və dövlət himni səsləndirilib.
Sonra Pxençan şəhərinin meri Jea Quk Sin Olimpiya bayrağını BOK-un prezidentinə təqdim edib. Tomas Bax bayrağı 2022-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək Pekin şəhərinin meri Jininq Çenə təhvil verib.
“Pekin-2022” Qış Olimpiya Oyunları ilə bağlı təqdimat nümayiş edilib.
Olimpiya məşəli söndürüldükdən sonra xüsusi lazer effektləri ilə şou nümayiş olunub, DJ-lərin ifasında konsert proqramı təşkil olunub.
Bağlanış mərasiminə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.
Norveç millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci olub. Bu ölkənin hesabında 14 qızıl, 14 gümüş və 11 bürünc medal var. Almaniya (14-10-7) ikinci, Kanada (11-8-10) üçüncü, ABŞ (9-8-6) dördüncü, Niderland (8-6-6) isə beşinci pillədə qərarlaşıb. Ümumilikdə 30 ölkənin idmançıları medalçılar arasında yer alıblar.
“Pxençan-2018” Olimpiya Oyunlarında 92 ölkədən 2952 idmançı iştirak edib. Bu, indiyə qədər Qış olimpiadalarında iştirakçıların sayına görə rekord göstəricidir. Oyunlara ən çox idmançı ilə qatılan ölkə Amerika Birləşmiş Ştatları (242 atlet) olub.
Oyunlarda Azərbaycan dağ xizəkçiliyi yarışlarında təmsil olunub.
Qış Olimpiadasında yarışlar 13 idman obyektində keçirilib. Atletlər 7 idman növündə 102 dəst medal uğrunda yarışıblar. Medalların birinin çəkisi 586 qramdan artıqdır. Bu, Qış Olimpiya Oyunları tarixində çəkisinə görə ən ağır mükafatdır.
XXIII Qış Olimpiya Oyunları 6 yeni ölkənin debütü ilə də əlamətdar olub. Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında iştirak ediblər.

İdman 2018-02-25 17:19:00