×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı türkdilli tələbələrin yaddaşında

Türküstan, 25 fevral, АZƏRTAC

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı, Türküstandakı Azərbaycanlı Tələbələr Təşkilatının dəstəyilə Türküstan şəhərində yerləşən Beynəlxalq Əhməd Yasəvi Universitetində Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Xocalı soyqırımı türkdilli tələbələrin yaddaşında" adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Xocalıda baş vermiş hadisələri ehtiva edən şəkillərdən ibarət sərgi təşkil olunub.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beynəlxalq Əhməd Yasəvi universitetinin vitse-prezidenti Mustafa Erən bildirib ki, 1992-ci il Azərbaycanın Qarabağ bölgəsində yüzlərlə insan ermənilər tərəfindən misli-bərabəri görülməmiş vəhşiliklə qətlə yetirilib. Bu gün olduğu kimi, o zaman da dünya bu hadisəyə biganə qaldı. İnsanlığı, humanizmi, demokratiyanı və insan haqlarını müdafiə edənlər təəssüflər olsun ki, həmin gün ortada yox idilər.
Təəssüflər olsun ki, əsrin dörddə birini geridə qoymasına baxmayaraq, hələ də dünya miqyasında bu cinayətə lazımi hüquqi qiymət verilməyib. Biz - Türk dünyası gəncləri müxtəlif layihələr ətrafında sıx birləşməli, ölkələrimiz arasındakı əlaqələrin inkişafına öz töhfəmizi verməliyik. Yalnız Xocalı soyqırımını deyil, müxtəlif zamanlarda türk xalqlarına qarşı törədilmiş cinayətlərin dünyaya çatdırılması istiqamətində səylərimizi əsirgəməməliyik.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Türküstan

Xocalı faciəsi 2018-02-25 17:05:00