×
A
A
A
Sazlamalar

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının bütün medalları sahiblərini tapıb

Bakı, 25 fevral, AZƏRTAC
“Pxençan-2018” Qış Olimpiya Oyunlarının sonuncu günündə - fevralın 25-də 4 dəst medalın sahibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında kerlinq yarışlarında qızıl medal uğrunda görüşdə İsveç və Koreya Respublikasının idmançıları üz-üzə gəliblər. Qarşılaşmada 8:3 hesabı ilə qalib gələn İsveç atletləri Olimpiya çempionu adını qazanıblar.
Qadınlar arasında sərbəst xizəkçiliyin 30 kilometr məsafəyə klassik mass yarışlarında Norveç təmsilçisi Marit Bjorqen 1 saat 22 dəqiqə 17 saniyə nəticə ilə qızıl medala sahib olub. Finlandiyalı Krista Parmakoski gümüş, isveçli Stina Nilsson bürünc medal əldə ediblər.
Kişilər arasında xokkey yarışlarında qızıl medal uğrunda görüşdə Rusiya və Almaniya komandaları qarşılaşıblar. Rəqibinə 4:3 hesabı ilə qalib gələn Rusiya “Pxençan-2018”in qızıl medalına yiyələnib.
Kişilər arasında dördlüklərin bobsley yarışında ilk iki pilləni Almaniya komandası tutub. Koreya Respublikasının idmançıları isə yarışı üçüncü pillədə başa vurublar.
Beləliklə, “Ağ Olimpiada”danın yekunlarına görə, Norveç millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci olub. Bu ölkənin hesabında 14 qızıl, 14 gümüş və 11 bürünc medal var. Almaniya (14-10-7) ikinci, Kanada (11-8-10) üçüncü, ABŞ (9-8-6) dördüncü, Niderland (8-6-6) isə beşinci pillədə qərarlaşıb. Ümumilikdə 30 ölkənin idmançıları medalçılar arasında yer alıblar.
“Pxençan-2018” Olimpiya Oyunlarında 92 ölkədən 2952 idmançı iştirak edib. Bu, indiyə qədər Qış olimpiadalarında iştirakçıların sayına görə rekord göstəricidir. Oyunlara ən çox idmançı ilə qatılan ölkə Amerika Birləşmiş Ştatları (242 atlet) olub.
Qış Olimpiadasında yarışlar 13 idman obyektində keçirilib. Atletlər 7 idman növündə 102 dəst medal uğrunda yarışıblar. Medalların birinin çəkisi 586 qramdan artıqdır. Bu, Qış Olimpiya Oyunları tarixində çəkisinə görə ən ağır mükafatdır.
XXIII Qış Olimpiya Oyunları 6 yeni ölkənin debütü ilə də əlamətdar olub. Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında iştirak ediblər.

İdman 2018-02-25 16:00:00