×
A
A
A
Sazlamalar

Türkmənistanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Aşqabad, 25 fevral, АZƏRTAC

Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, soydaşlarımız və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılıb.
Xocalı soyqırımının 26-cı ildönümünün qeyd edildiyini bildirən Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərinə ermənilər tərəfindən bütün istiqamətlərdən hücum edildiyini, nəticədə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdiyini vurğulayıb.
İşğalçıların Xocalını darmadağın etdiklərini, onun dinc əhalisini xüsusi amansızlıqla qətlə yetirdiklərini bildirən diplomat 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxsin qətlə yetirildiyini, mindən çox sakinin yaralandığını, 1275 sakinin əsir götürüldüyünü, 150 sakinin itkin düşdüyünü və sadəcə azərbaycanlı olduqları üçün onlara qarşı bu qırğının həyata keçirildiyini diqqətə çatdırıb.
Erməni silahlı birləşmələri tərəfindən dinc sakinlərin kütləvi öldürülməsinin, əsirlərin və meyitlərin təhqir edilməsinin dünya üçün sirr olmadığını qeyd edən səfir bunun Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən də etiraf edildiyini bildirib.
Diplomat Xocalının mülki əhalisinin məqsədli şəkildə qırğınının təsadüfi olmadığını, Ermənistanın geniş yayılmış və sistemli şəkildə həyata keçirdiyi mənfur və amansız etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O, Xocalıda törədilmiş əməllərin beynəlxalq cinayət hesab olunduğunu, bu əməlləri törədən, onlarla əlbir olanların hər birinin məsuliyyət daşıdığını qeyd edib.
Səfir bildirib ki, artıq bir sıra dövlətlərin 40-a yaxın mərkəzi və yerli nümayəndəli orqanları, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının pislənilməsinə və Xocalıda baş verənlərin soyqırımı və insanlıq əleyhinə cinayət əməli kimi tanınmasına dair çoxsaylı qərarlar qəbul ediblər.
“Xocalıya ədalət!” aksiyası çərçivəsində atılan addımların əhəmiyyətini qeyd edən səfir beynəlxalq hüquq çərçivəsində görülən tədbirlərin cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə cəlb olunmasına xidmət edəcəyinə əminliyini bildirib.
26 fevral tarixinin həm də Sumqayıt hadisələri ilə xarakterizə olunduğunu qeyd edən diplomat Sumqayıtda baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin alovlandırılması istiqamətində ermənilərin sovet rəhbərliyi və təhlükəsizlik orqanları ilə birgə təşkil etdiyi xüsusi hazırlanmış ssenari olduğunu qeyd edib. Təsadüfi deyil ki, Sumqayıt hadisələrinin ildönümü günü Xocalı soyqırımını törədən ermənilər Sumqayıtın “intiqamı”nı aldıqlarını bildirirdilər.
Tədbirdə çıxış edənlər böyük bir hissəsinin uşaq, qadın və qocalardan ibarət olan dinc mülki əhaliyə qarşı onların milli mənsubiyyətinə görə edilən bu hərəkətlərin heç bir bəraətinin olmadığını, bu soyqırımını törədənlərin ən ağır şəkildə cəzalanmalı olduqlarını ifadə edib, soyqırımı qurbanlarının xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildiriblər.
Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən fotosərgiyə və sənədli filmə baxıblar.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

Xocalı faciəsi 2018-02-25 15:20:00