×
A
A
A
Sazlamalar

Malayziyanın “The Globalist” jurnalı Xocalı faciəsi barədə geniş məqalə dərc edib

Kuala Lumpur, 25 fevral, AZƏRTAC

Malayziyada ingilis dilində nəşr olunan “The Globalist” jurnalının növbəti sayında Xocalı soyqırımı, erməni işğalçılarının Azərbaycanın bu şəhərində dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən bəhs edən geniş məqalə dərc olunub.
“Azərbaycan və onun tarixində ağrılı epizod” adlı məqalə xalqımızın ümummilli lideri Heydər Əliyevin “Xocalı soyqırımı bəşər tarixində düşünülməz qəddarlığı və qeyri-insani cəza üsulları ilə seçilən, insanları hədəfə almış bir barbarlıq hərəkətidir. Eyni zamanda, bu soyqırımı insanlığa qarşı tarixi bir cinayətdir” sözləri ilə başlanır.
Məqalədə şəhərin coğrafi mövqeyi barədə məlumat verilərək bildirilir ki, Xocalı Dağlıq Qarabağ bölgəsinin inzibati sərhədləri daxilində, bölgənin yeganə hava limanı yaxınlığında yerləşən Azərbaycan şəhəri idi. Burada 7000-dən çox əhali yaşayırdı.
Vurğulanır ki, Ermənistan-Azərbaycan müharibəsinin başlıca səbəblərinin kökündə son iki əsrdə Ermənistanın Azərbaycana qarşı tarixi ərazi iddiaları dayanır. 1988-ci ilin əvvəlində ermənilər birtərəfli qaydada Dağlıq Qarabağı Azərbaycandan ayırmaq və onu Ermənistana birləşdirmək üçün uzunmüddətli planı həyata keçirmək məqsədilə bu ölkəyə qarşı təcavüzkar hərəkətlərə başladılar. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı döyüşlər və Ermənistanın Azərbaycana qarşı hücumları gücləndi. Nəticədə, Ermənistan bu regionu, o cümlədən Xocalı şəhərini və ətrafdakı yeddi rayonu işğal etdi. Bu elan edilməmiş müharibə nəticəsində təxminən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
1991-ci ilin oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alınan Xocalı ilə yalnız helikopterlər vasitəsilə əlaqə saxlanılırdı. 1992-ci ilin yanvarından isə şəhərə elektrik enerjisinin verilişi ermənilər tərəfindən dayandırıldı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı qanlı əməliyyatın hədəfi oldu. Erməni silahlı qüvvələri keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının hərbi texnikası və şəxsi heyətinin köməyi ilə şəhəri işğal etdilər. Buradakı dinc əhaliyə qanlı divan tutuldu. Xocalı faciəsi yalnız yerli əhaliyə deyil, ümumiyyətlə bütün bəşəriyyətə qarşı törədilən qanlı cinayətdir.
Məqalədə Xocalı faciəsini əks etdirən fotolara da geniş yer verilib.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur

Xocalı faciəsi 2018-02-25 08:58:00