×
A
A
A
Sazlamalar

Goranboyda Bayraq muzeyinin və Dövlət Bayrağı meydanının tikintisinə başlanılıb

Goranboy, 24 fevral, Rauf Hacıyev, AZƏRTAC

Goranboy şəhərinin mərkəzində Bayraq muzeyinin və Dövlət Bayrağı meydanının tikintisinə başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumi sahəsi 600 kvadratmetr olan Bayraq muzeyinin və Dövlət bayrağı meydanının tikintisi bu ilin sonunadək yekunlaşacaq.
Orijinal layihə əsasında inşa ediləcək muzey və meydan rayondakı Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşəcək və digər müasir tikililərlə ahəngdarlıq təşkil edəcək. Bayraq muzeyində zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın keçdiyi çətin və şərəfli tarixi yol, ayrı-ayrı dövrlərdə ölkəmizdə yaranmış dövlətlərin, yaxud bölgəyə hakimlik edən imperiyaların siyasi xəritəsi, bayraqları və dövlət nişanları nümayiş etdiriləcək. Muzeydə, həmçinin Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra qəbul edilən dövlət atributları, eləcə də konstitusiya mətnləri və digər mühüm tarixi sənədlər, fotolar, milli geyimlər sərgilənəcək.
Dövlət bayrağı meydanının mərkəzində hündürlüyü 65 metr olan bayraq dirəyi ucaldılacaq.

Regionlar 2018-02-24 22:46:00