×
A
A
A
Sazlamalar

Gəncədə qazıntı aparılan ərazidə top mərmisi aşkarlanıb

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri Kəpəz rayonunun Qaraqoyunlu küçəsi döngə 1 ünvanında mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə qazıntı aparılan hissəyə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində bir ədəd 115 millimetrlik top mərmisi (OF-27) aşkar olunub. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək qurumun mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi sursatın ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib və əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Agentlik tərəfindən yanvarın 1-dən fevralın 24-dək, ümumilikdə, 685 partlamamış hərbi sursat, bir tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 23 min 515 kvadratmetr ərazi yoxlanılıb.

Hadisə 2018-02-24 21:10:00