×
A
A
A
Sazlamalar

Fiziologiya İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümü qeyd edilib

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik A.Qarayev adına Fiziologiya İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş toplantı keçirilib.
AMEA-dan AZƏRTAC–a bildirilib ki, institutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni quldurlarının törətdiyi ağlasığmaz vəhşiliklər barədə danışıb. O respublikanın uzunömürlülük xəritəsini hazırlamaq məqsədilə aparılan elmi tədqiqatlar zamanı ən yüksək göstəricinin Qarabağ bölgəsində qeydə alındığını bildirib.
Elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev tarixin müxtəlif dönəmlərində xalqımızın üzləşdiyi soyqırımlardan, Xocalıda törədilən faciənin acılarından söz açıb.
Biologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Əskərov da bu faciənin dəhşətlərindən danışıb, ermənilərin Xocalıda törətdiyi bu soyqırımının dünyada ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib.
Biologiya üzrə fəlsəfə doktoru Хanağa Babayev isə Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmağın, erməni yalanlarını ifşa etməyin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova Azərbaycanın dinc əhalisinə qarşı törədilən terror aktının dünya ictimaiyyəti tərəfindən lazımi qiymətini alacağına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına inandığını söyləyib. O, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini uca tutmağa və xalqımızın milli mənəvi dəyərlərini qorumağa hər bir vətəndaşın borclu olduğunu bildirib.

Xocalı faciəsi 2018-02-24 17:25:00