×
A
A
A
Sazlamalar

TAPI-ın yeni mərhələsi üçün xatirə sikkələri dəsti buraxılıb

Aşqabad, 24 fevral, Laçın Sultanova, AZƏRTAC

Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) transmilli qaz kəmərinin Əfqanıstan ərazisindən keçən hissəsinin təməlqoyma mərasimi ərəfəsində Türkmənistan Mərkəzi Bankının (TMB) buraxdığı numizmatik raritetlər kolleksiyası seriyasına hər biri 100 Türkmənistan manatı dəyərində olan qızıl və gümüş xatirə sikkələri dəsti əlavə olunub. Numizmatik yeniliklər TMB-nin çoxdankı tərəfdaşı - Britaniyanın “Royal Mint” zərbxanası tərəfindən hazırlanıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hər iki metaldan olan sikkələrin üz tərəfinin ortasında, qum təpəcikləri fonunda TAPI layihəsinin iştirakçısı olan dövlətlərin coğrafi xəritələri türkmən dilində onların adları (TÜRKMENISTAN, OWGANYSTAN, PÄKISTAN, HINDISTAN) ilə birlikdə təsvir edilib. Elə buradaca qaz kəmərinin marşrutu göstərilib və onun hər bir ölkədə təyinat məntəqələri qeyd olunub. Həmin marşrutun istiqamətində Böyük İpək Yolunun rəmzi olan dəvə karvanı təsvir edilib. Yuxarı hissədə TAPI marşrutuna paralel çəkilməsi nəzərdə tutulan elektrik xətti, aşağı hissədə böyük diametrli, sol tərəfindən alov püskürən boru şəklində qaz kəməri yerləşib. Borunun üstündən ucu qığılcımlanan, Hindistanın xəritəsində başa çatan optik-lifli kabel çəkilib. Çevrə boyu həkk edilən “TÜRKMENISTAN, OWGANYSTAN, PÄKISTAN, HINDISTAN GAZ GEÇIRIJISI” və ” AŞGABAT 2018” yazıları bir-birindən səkkizbucaqlı fiqurlarla ayrılıb.
Raritetlərin arxa tərəfinin ortasında Türkmənistanın Dövlət gerbi təsvir olunub, onun yuxarı hissəsində “TÜRKMENISTANYŇ MERKEZI BANKY”, aşağı hissəsində “ÝÜZ MANAT” yazıları həkk edilib. Yazılar bir-birindən səkkizbucaqlı naxışlarla ayrılıb.
Diametri 38,61 millimetr olan xatirə sikkələri ən yüksək əyarlı qızıldan (916,7) və gümüşdən (925) zərb edilib. Kolleksiya yeniliklərinin keyfiyyətinə Türkmənistan Mərkəzi Bankının onlara əlavə olunan sertifikatı zəmanət verir.

Neft - qaz 2018-02-24 17:07:00