×
A
A
A
Sazlamalar

İranlı nazir: Münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

Tehran, 24 fevral, AZƏRTAC

İran və Azərbaycanın dövlət başçıları qarşılıqlı əlaqələrin inkişafına diqqət yetirir. Hərbi sahə hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlıq əlaqələrinin qurulması İran və Azərbaycanın milli maraqlarına xidmət edəcək.
Bu sözləri İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi Azərbaycana səfərinin yekunları haqqında yerli mətbuata verdiyi açıqlamada deyib.
Nazir bildirib ki, Azərbaycana səfəri uğurlu olub. Keçirdiyi görüşlərin nəticəsi kimi Azərbaycan tərəfi ilə təcrübə mübadiləsinin aparılması, birgə hərbi kadrların hazırlanması və birgə hərbi sursatların istehsal olunması məsələlərində razılıq əldə edilib.
Əmir Hatəmi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikrini açıqlayaraq bildirib ki, İran bütün münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına tərəfdardır. Dövlətlərin ərazi bütövlüyü toxunulmaz olaraq qalmalıdır.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Siyasət 2018-02-24 16:01:00