×
A
A
A
Sazlamalar

Sahar Nasr: Misir Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır

Qahirə, 24 fevral, AZƏRTAC

Azərbaycan Cənubi Qafqaz regionunda davamlı inkişaf edən dövlətdir. Misir Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Misirin investisiyalar və beynəlxalq əməkdaşlıq naziri xanım Sahar Nasr deyib.
Nazir qeyd edib ki, iki ölkə ticarət, sənaye, energetika, kənd təsərrüfatı, mədəniyyət və turizm sahələrində böyük potensiala malikdir. Bu potensial qarşılıqlı əlaqələrin yaxınlaşmasına və inkişafına stimul yaradır. Hər iki dövlət yaxşı investisiya mühiti yaradıb və iş adamları bu şəraitdən faydalana bilərlər. Misirin Süveyş Azad İqtisadi Zonasında investisiyaların qorunması dövlətin diqqətindədir. Bu zonaya yatırılan sərmayəyə dövlət zəmanət verir.
Sahar Nasr bölgədə baş verən münaqişələrə toxunaraq bildirib ki, Misirin rəhbərliyi həm qonşu ölkələrlə, həm də Azərbaycan kimi uzaq, lakin dost dövlət ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmağı planlaşdırır.
Misirli nazir qeyd edib ki, rəsmi Qahirə ilə Bakı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Misir Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Siyasət 2018-02-24 16:05:00