×
A
A
A
Sazlamalar

Suraxanıda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Bakı, 24 fevral, AZƏRTAC

Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun 327 nömrəli tam orta məktəbində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, icra başçısı yanında Şuranın üzvləri, ictimaiyyətin nümayəndələri, rayonda məskunlaşan xocalılıların iştirak etdikləri tədbirdə əvvəlcə məktəblilər arasında keçirilmiş “Xocalısız 26 il” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin əl işləri nümayiş olunub.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Xocalı faciəsinin, o cümlədən torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov deyib ki, tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşib. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
İcra başçısı vurğulayıb ki, erməni separatçılarının Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə hüquqi qiymətin verilməsi yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunub, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli iş görülüb. Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyini dəfələrlə vurğulayıb.
İ.Abbasov bildirib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu var. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” kampaniyası hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla həyata keçirilir. Artıq dünyanın iri şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılır, küçə və parklara Xocalı adı verilir.
Tədbirdə Suraxanı rayonunda məskunlaşmış Xocalı şəhər sakini, soyqırımı nəticəsində yaxınlarını itirmiş Qədim Abbasov, şəhid anası Saray Quliyeva çıxış ediblər. Bildirilib ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.
Sonda 87 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.

Xocalı faciəsi 2018-02-24 16:02:00