×
A
A
A
Sazlamalar

Paytaxt məktəblərində “açıq dərs”lərə başlanılıb

Bakı, 24 fevral, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “açıq dərs”lərin keçirilməsinə başlanılıb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil edilən “Açıq dərs”lərin əsas məqsədi tədris prosesində öyrətmə və öyrənmə mühitinin səmərəli təşkili yolları, şagirdlərin tədqiqatçılıq bacarığını üzə çıxarılması və müasir təlim texnologiyalarının tətbiqi istiqamətində qabaqcıl təcrübəni formalaşdırmaqdan ibarətdir. Təcrübə mübadiləsi, fənlərin tədris səviyyəsinin nümayiş etdirilməsi, dərsin planlaşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə müzakirələrin aparılması da əsas komponentlərdəndir.
Dərslər paytaxtın bütün rayonlarında V-XI siniflərdə fənlər bloku (humanitar, texniki, təbiət və əlavə fənlər bloku) üzrə təşkil edilir. Uğurlu nəticələr əldə etmiş məktəblərin və fənn müəllimlərinin qabaqcıl təcrübəsinin təbliği istiqamətində keçirilən “açıq dərs”lər bütün məktəblərdə eyni vaxtda başlanır.
Artıq paytaxt üzrə 51, 91, 13, 18 və 225 nömrəli məktəblərdə “açıq dərs”lər keçirilib. Dərslər müəllimin müxtəlif innovativ üsul və vasitələrdən çevik, məqsədyönlü istifadəsi, dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakının təmin edilməsi, müəllim tərəfindən motivasiya, tədris materialının şagirdin hazırlıq səviyyəsinə uyğunlaşdırılması, “ən yaxşı dərs” üçün seçilmiş mövzunun proqrama uyğunluğu və bu kimi digər meyarlar üzrə qiymətləndirilir. Dərslər dinlənildikdən sonra təhlil və müzakirə edilir.
Qeyd edək ki, dərslərdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Təlimə Dəstək Mərkəzinin metodistləri və rayon üzrə digər məktəblərin qabaqcıl müəllimləri iştirak ediblər.
“Açıq dərs”lər aprel ayınadək davam edəcək.

Elm və təhsil 2018-02-24 15:58:00