×
A
A
A
Sazlamalar

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbulla bağlı məlumat yayıb

Bakı, 24 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələri davam etdirir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, müsahibələr Bakı şəhəri, həmçinin mərkəzin Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 17 müxtəlif yerdə təşkil edilib. Mingəçevirdə isə müsahibələrin keçirilməsinə yaxın günlərdə başlanılacaq. Gün ərzində nəzərdə tutulan 115 müsahibədən 65-i reallaşdırılıb, 50 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən keçirilməyib. Müsahibədə iştirak etmiş namizədlərdən 25-i iddia etdiyi vəzifəyə uyğun hesab olunub. İkisinin nəticəsi isə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibə keçirilməsi Qaydası”na əsasən etibarsız hesab edilib.
Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə regionlarda da keçirilir. Bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.
DİM namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə olunur. Belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.
Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək.

Elm və təhsil 2018-02-24 15:06:00