×
A
A
A
Sazlamalar

Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi qeyd olunacaq

Bakı, 24 fevral, AZƏRTAC 

Bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun yaranmasının 60 ili tamam olur.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu qurum 1958-ci ildə yaradılıb. İnstitutun ilk direktoru, görkəmli mənbəşünas və mətnşünas alim, akademik Əbdülkərim Əlizadə olub. Hazırda instituta akademik Gövhər Baxşəliyeva rəhbərlik edir. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Şərqşünaslıq İnstitutuna akademik Ziya Bünyadovun adı verilib. Elm ocağının uzun illər ərzində Şərq ölkələrinin dili, tarixi, mədəniyyəti, sosial-ictimai durumu ilə bağlı araşdırmaları institutun tədqiqat prioritetlərinə daxil edilib, bu istiqamətdə müvafiq kadrların hazırlanması üçün tədbirlər həyata keçirilib.
Fəaliyyət göstərdiyi 60 il ərzində institut bir sıra ciddi elmi nailiyyətlər qazanıb. Qurumda əsasən Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi, mədəni inkişafının qanunauyğunluqlarının öyrənilməsi, Şərq xalqlarının tarixi, filoloji, dini-fəlsəfi irsinin tədqiqi, yazılı abidələrin araşdırılması və s. istiqamətlərdə elmi-tədqiqat işləri aparılır.
Son illər ərzində institutda 600-dən çox monoqrafiya, məqalələr məcmuəsi və kitab, 7000-dən çox elmi məqalə nəşr edilib. Hazırda müəssisədə 139 əməkdaş çalışır.
AMEA-nın Rəyasət Heyəti Şərqşünaslıq İnstitutunun 60 illik yubileyini nəzərə alaraq, bir sıra qərarlar qəbul edib. Qərarlara əsasən, qurumun 60 illik yubileyinə həsr olunmuş respublika səviyyəli konfransın keçirilməsi, kitabın hazırlanması, bir sıra əməkdaşların təltif edilməsi və digər tədbirlərin görülməsi nəzərdə tutulub.

 

Elm və təhsil 2018-02-24 14:55:00