×
A
A
A
Sazlamalar

Əfqanıstanda hərbi bazaya hücum zamanı azı 18 hərbçi öldürülüb

Bakı, 24 fevral, AZƏRTAC

Əfqanıstanın cənub-qərbində yerləşən Fərah əyalətində “Taliban” hərəkatının hərbi bazaya hücumu nəticəsində azı 18 hərbçi öldürülüb. Həmçinin silahlılar daha 2 hərbçini əsir götürüblər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib və “Taliban” hərəkatının nəzarətinə keçən hərbi bazanın geri qaytarılması üçün əməliyyatın başlayacağını bildirib.
Bir qədər əvvəl Kabilin mərkəzində və ölkənin cənubundakı Laşqarqah şəhərində baş verən partlayışlar nəticəsində ümumilikdə 3 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.
Qeyd edək ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması aktiv fəaliyyət göstərir.

Dünya 2018-02-24 14:38:00