×
A
A
A
Sazlamalar

Daxili işlər naziri Şirvanda vətəndaşları qəbul edib

Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 24-də Şirvan şəhərində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəhər Polis Şöbəsində keçirilən qəbulda Ramil Usubov Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarından 54 sakin ilə görüşüb.
Nazir sakinlərin polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, onların problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapıb. Digər müraciətlərin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.
Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq ediblər. Vətəndaşlar Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicinin daha da yüksəldilməsinə yönəlmiş siyasətini daim dəstəkləyəcəklərini bildiriblər.

Sosial 2018-02-24 14:10:00