×
A
A
A
Sazlamalar

Lvovda akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə yeni tibbi avadanlıqlar verilib

Lvov, 24 fevral, AZƏRTAC

Ukraynanın Lvov şəhərində 1 saylı şəhər klinik xəstəxanasının poliklinikasında yerləşən, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan Oftalmoloji Mərkəzə əlavə tibbi avadanlıqlar hədiyyə edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, azərbaycanlı iş adamı Qorxmaz Paşayev, Lvov vilayət və şəhər administrasiyasının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən 1 saylı Lvov şəhər klinik xəstəxanasının baş həkimi, Ukraynanın Əməkdar Həkimi Cəvahir Cəfərova bildirib ki, Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə ən müasir tibbi avadanlıqlar alınıb, yüksək səviyyədə təmir işləri aparılıb. Buraya gələn xəstələrin dəqiq diaqnostik müayinəsi və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Bu işlərin həyata keçirilməsində Qorxmaz Paşayevin böyük xidmətləri var. O, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Lvov şəhərində Xocalı soyqırımına dair bilbordların yerləşdirilməsində yaxından iştirak edib.
Azərbaycan və Ukrayna arasında münasibətlərin dərinləşdiyini vurğulayan səfir A.Xudiyev qeyd edib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsləri ilə xarici ölkələrdə çox uğurlu sosial layihələr həyata keçirilir.
“Azərbaycan dövləti tərəfindən Ukraynanın müxtəlif bölgələrində sosial, iqtisadi layihələr reallaşdırılır. Bütün bunlar Azərbaycan Prezidentinin yürütdüyü humanist siyasətin nəticəsidir”, - deyə səfir əlavə edib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Lvov

Cəmiyyət 2018-02-24 10:47:00