×
A
A
A
Sazlamalar

Bilik Fondu Xocalı faciəsi qurbanlarının xatirəsini silsilə tədbirlərlə yad edib

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan bir sıra tədbirlər keçirib. Belə ki, fevralın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Xocalı soyqırımı haqqında həqiqətlər hüquqi müstəvidə” mövzusunda tədbir təşkil olunub.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı Xocalı faciəsinin başvermə səbəbləri barədə fikirlərini bölüşüb, bu soyqırımın “böyük Ermənistan” xülyasında olan ermənilərin türk-müsəlman xalqlarına qarşı nifrətinin tərkib hissəsi olduğunu tarixi faktlarla əsaslandırıb.
“Xocalı soyqırımı hüquqi-siyasi müstəvidə” mövzusunda çıxış edən Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev bu faciənin dünyaya tanıtdırılmasının Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. O, həmçinin bu istiqamətdə Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gördükləri işlərdən və əldə edilmiş nəticələrdən danışıb.
Bilik Fondunun təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunan digər tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökumət” Təlim-Tədris Mərkəzində keçirilib.
Tədbirdə fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri iştirak ediblər. Zaqatala, Şirvan, Mingəçevir, Şəki, Göyçay, Qazax rayonlarından olan gənclər tədbirə online rejimdə qatılıblar.
Fondun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova ermənilərin azərbaycanlılara qarşı tarixboyu qətliam törətdiklərini xatırladıb, Xocalı soyqırımının insanlıq tarixində qanlı səhifə olduğunu bildirib. O, xalqımızın yaxın tarixində cərəyan edən qanlı hadisələrin yalnız müəyyən günlərdə deyil, hər zaman xatırlanmasının və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli videokonfrans vasitəsilə “Xocalı faciəsinə aparan yol” mövzusunda mühazirə oxuyub. Xocalı faciəsinə aparan hadisələr və faktlar barədə danışan alim soyqırımına səbəb olan siyasi-tarixi mühit haqqında, əsrlərboyu xalqımıza qarşı yürüdülən müstəmləkəçilik siyasəti barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, ilk dəfə Xocalı soyqırımına hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Belə ki, Ümummilli Liderin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini alıb.
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təşkil olunan tədbirdə bu təhsil ocağının direktoru Oruc Məmmədov xalqımızın yaşadığı tarixi faciələrin siyasi səbəblərindən danışıb.
Fondun beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun soyqırımlarla bağlı hazırladığı silsilə tədbirlər barədə məlumat verib.
Sonra Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev “Müasir Azərbaycan gəncliyi və soyqırımı həqiqətləri” mövzusunda mühazirə oxuyub.
Sonda Xocalı soyqırımı ilə bağlı videoçarx və kollecin tələbələri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Xocalı soyqırımı beynəlxalq müstəvidə” mövzusunda keçirilən tədbirdə əvvəlcə tələbələrin əl işlərindən ibarət sərgi və soyqırımı əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə fondun baş məsləhətçisi Almaz Axundova, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nicat Məmmədli, ADMİU-nun tədris işləri üzrə prorektoru, Əməkdar İncəsənət Xadimi, professor Validə Məmmədova, beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva Azərbaycan həqiqətlərinin, xüsusilə xalqımızın yaşadığı soyqırımı dəhşətlərinin beynəlxalq aləmə daha ətraflı çatırılmasının yolları barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.
Şamaxı Dövlət Regional Kollecində keçirilən tədbirdə Bilik Fondunun bu rayon üzrə nümayəndəsi Gülnurə Babaşova faciə barədə ətraflı məlumat verib.
“Akademikkitab” MMC-nin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əliağa Cəfərov “Xocalı qırğını: səbəblər, nəticələr”, Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla “1918-ci ildə ermənilərin Şamaxıda törətdikləri qətliamlar” mövzularında mühazirələr söyləyiblər.
Mühazirəçilər ermənilərin insanlıq əleyhinə yönəlmiş terrorçu əməllərinin bütün dünya üçün təhlükə olduğunu faktlarla diqqətə çatdırıblar.

Xocalı faciəsi 2018-02-23 21:03:00