“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq tədbirləri yekunlaşıb
Bakı, 23 fevral, AZƏRTAC
Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidə kompleksinin yerləşdiyi park-xiyabanda yenidənqurma və hazırlıq işləri yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, hazırlanan tədbirlər planına əsasən parkda müxtəlif naxış formalarında, ümumilikdə, 100 mindən çox gül və bəzək kolları əkilib. Hər il olduğu kimi, bu il də fevralın 26-da minlərlə insanın ziyarət yerinə çevriləcək Xocalı parkı və ətrafı milli memarlıq nümunələrini özündə əks etdirən üzlük daşlı məhəccərlərlə əhatə olunub. Parkın ətrafındakı yaşayış binalarının və inzibati obyektlərin fasadlarında Xocalı faciəsini əks etdirən fotobanerlərin quraşdırılması işləri də başa çatıb. Anım günü ziyarətçilərin gediş-gəlişini təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri həyata keçirilib.
Hər il fevralın 26-da Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir. Faciə qurbanlarının xatirəsini anmaq üçün “Ana harayı” abidəsinə ziyarətçi axını artıq başlayıb. Ziyarətə ilk gələnlər müxtəlif təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, əllərində bayraq tutan balacalardır. Ziyarətə gələnlər arasında əcnəbi ölkələrin vətəndaşları da var.
Xatırladaq ki, Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planına uyğun olaraq, fevralın 26-da saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində dövlət bayraqları endiriləcək.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO