×
A
A
A
Sazlamalar

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk tarixi, mədəniyyəti ilə bağlı bir sıra layihələr üzərində işləyir

Astana, 23 fevral, AZERTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk tarixi və mədəniyyəti ilə bağlı bir sıra layihələr üzərində işləyir. Fondun fəaliyyət istiqamətlərindən biri də məhv edilmiş və mənimsənilmiş mədəni irsin mühafizəsi ilə əlaqədardır. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş abidələrin tədqiqi və həqiqətlərin dünyaya çatdırılması məqsədilə Fondun dəstəyi ilə “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı kitab nəşrə hazırlanır.
Bu fikirləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovla görüşdə söyləyib.
Günay Əfəndiyeva türk tarixi və mədəniyyəti ilə bağlı bir sıra layihələrdə göstərdiyi dəstəyə görə Rəşad Məmmədova minnətdarlığını bildirib.
Səfir Rəşad Məmmədov deyib ki, türkdilli dövlətlərin və xalqların ümumi tarixi köklərinin, ortaq zəngin irsinin, mədəniyyətinin bir-birinə zəncirvari şəkildə bağlılığı türk dünyasının mənsub olduğu mədəni zənginlikdən xəbər verir. Türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqinə dair fəaliyyətindən söz açan səfir hər zaman Fonda dəstək göstərəcəklərini vurğulayıb.

*  *  *

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin Qazaxıstandakı səfiri Nevzat Uyanık ilə də görüşüb. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri haqqında məlumat verərək bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas məqsədi türk dünyasının sahib olduğu mədəni irsi araşdırmaq, qorumaq, dünyada tanıtmaq və gələcək nəsillərə ötürməkdir. G.Əfəndiyeva türkdilli xalqların dünya tarixində və mədəniyyətində əhəmiyyətli rol oynadığını, türkdilli dövlətlərin və xalqların ümumi tarixi köklərə, ortaq zəngin irsə, dilə, incəsənətə, ədəbiyyata, adət-ənənələrə, milli mənəvi dəyərlərə malik olduğunu qeyd edib.
Səfir Nevzat Uyanık Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqinə dair fəaliyyətindən söz açıb, əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Səfir ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə böyük töhfələr verdiyini, türkdilli xalqların dahi şəxsiyyətlərinin - mütəfəkkirlərinin, yazıçılarının, şairlərinin, alimlərinin bəşəri nailiyyətlər qazandıqlarını bildirib. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gənc bir təşkilat olduğunu söyləyib və onun fəaliyyətinin genişləndirilməsində üzv ölkələrin dəstək olmasının önəmini qeyd edib.

 

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Mədəniyyət 2018-02-23 20:10:00