×
A
A
A
Sazlamalar

Gürcüstanlı alimə İqtisadiyyat İnstitutunun fəxri doktoru diplomu təqdim olunub

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) həqiqi üzvü, akademik Vladimir Papavaya AMEA-nın İqtisadiyyat İnstitutunun fəxri doktoru diplomunun təqdimetmə mərasimi keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanov V.Papavanın həyat və elmi fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, 1955-ci ildə Tbilisidə anadan olan V.Papava 1977-ci ildə GMEA-nın İqtisadiyyat və Hüquq İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb. O, 1982-ci ildə iqtisad üzrə elmlər namizədi, 1989-cu ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcələrini alıb. Həmçinin 1997-ci ildə GMEA-nın müxbir üzvü, 2013-cü ildə isə akademiki seçilib. N.İmanov görkəmli gürcü alimin 1994-2000-ci illərdə Gürcüstanın iqtisadiyyat naziri vəzifəsində çalışdığını, 2004-2008-ci illərdə isə parlamentin deputatı seçildiyini xatırladıb. Bildirilib ki, 343 məqalə, monoqrafiya və dərsliyin müəllifi olan V.Papava hazırda Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda, həmçinin İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində fəaliyyət göstərir.
N.İmanov rəhbərlik etdiyi müəssisənin elmi şurasının qərarı ilə V.Papavanın fəxri doktor diplomuna layiq görüldüyünü diqqətə çatdırıb.
Sonra V.Papavaya İqtisadiyyat İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə V.Papavanın beynəlxalq aləmdə tanınmış ziyalı olduğunu bildirib, onun Azərbaycan ilə Gürcüstan arasında dostluq, o cümlədən iqtisadi əlaqələrin qurulmasında və inkişafında müstəsna xidmətlərindən danışıb.
Sonda mükafata görə İqtisadiyyat İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirən V.Papavanın “Gürcüstan iqtisadiyyatı institusional tələlərdə” mövzusunda məruzəsi dinlənilib.

Elm və təhsil 2018-02-23 19:49:00