×
A
A
A
Sazlamalar

İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Qafqaz Müsəlmanları İdarəsində olub

Bakı, 23 fevral, AZƏRTAC 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 23-də Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanı ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və İran xalqları və dövlətləri arasında həyatın bütün sahələrində olduğu kimi, dini-mənəvi sahədə də əlaqələrin dərinləşməsindən məmnunluq ifadə olunub. QMİ sədri Azərbaycanın İslam dünyasının maraq və mənafelərinin qorunması istiqamətində beynəlxalq müstəvidə səylərinin dünya müsəlmanlarının hər zaman dəstək və ehtiramına səbəb olduğunu söyləyib. Azərbaycan Prezidenti İlham Əliyevin qlobal təşəbbüsləri, ümumbəşəri və islami həmrəylik ideyalarının, Birinci vitse-prezident Mehriban Əliyevanın bu yöndə səmərəli, məhsuldar fəaliyyətinin önəmi barədə danışan şeyxülislam bütün bunları Azərbaycanın ümumislam mədəni irs xəzinəsinə töhfələri kimi dəyərləndirib. O bildirib ki, Azərbaycan İslam dünyasının ayrılmaz tərkib hissəsidir, dinimizin dəyərlərinə və ümumbəşəri multikulturalizm ideyalarına hər zaman böyük ehtiram və qayğı ilə yanaşır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq elan olunmuş “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı ötən il dekabrın 21-də Bakı şəhərində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilmiş beynəlxalq konfrans barədə qonağı məlumatlandıran QMİ sədri bu mötəbər tədbiri və ünvanına İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təbriknaməsinin daxil olmasını Azərbaycana, onun dinlərarası dialoq prosesində və islami əməkdaşlıq istiqamətində uğurlu səylərinə verilən dəstək kimi səciyyələndirib.
A.Paşazadə narahat dünyamızda mövcud təhdidlərdən bəşər ailəsinin yalnız səylərini birləşdirməklə, islamdaxili həmrəylik və müxtəlif dinlər arasında əməkdaşlıq sayəsində xilas ola biləcəyini vurğulayaraq, qonağın diqqətinə çatdırıb ki, Bakı beynəlxalq konfransının iştirakçıları dinlər və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini zəruri sayaraq, bu prosesin davamlılığını təmin etmək məqsədilə “Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq” Mərkəzinin yaradılması barədə qərara gəldilər. A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsi yanında daimi fəaliyyət göstərəcək Mərkəzin Himayədarlar Şurasında A.İ.Türkamanın yer almasına xeyir-dualarını istəyib. Şeyxülislam ümidvar olduğunu bildirib ki, A.İ.Türkaman bu dəyərli ideyanın gerçəkləşməsi işinə öz dəstəyini əsirgəməyəcək və Mərkəzin xətti ilə gələcəkdə keçiriləcək beynəlxalq tədbirlərə təşrif buyurmaqla bizləri şərəfləndirəcək.
Qonaq, öz növbəsində, Azərbaycanda keçirdiyi görüşlər barədə danışaraq, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. A.İ.Türkaman rəhbərlik etdiyi təşkilatın xətti ilə Azərbaycan-İran dini-mədəni əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəklərini, habelə Azərbaycanın ümumislam mənafelərinə xidmət edən səylərinə hər zaman dəstək verəcəklərini bildirib.

Din 2018-02-23 19:38:00