Münxendə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib
Bakı, 23 fevral, AZƏRTAC
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Almaniyanın Münxen şəhərində soydaşlarımız etiraz aksiyası keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimovun və sədr müavini Fuad Rzayevin, həmçinin Bavariya Türk Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş aksiyada Azərbaycan və türk icmasının nümayəndələri iştirak ediblər.
Aksiyada “Xocalıya ədalət!”, “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!”, “Biz terrora və soyqırımına yox deyirik!”, “Ermənistan işğaldan və terrordan əl çək” kimi şüarlar səsləndirilib, plakatlar qaldırılıb, bayraqlarımız dalğalandırılıb. Çıxış edən azərbaycanlılar beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi, bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb ediblər.
Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimov və Bavariya Türk Dərnəkləri Federasiyasının sədri Mahir Zeytinoğlu dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıblar.
Aksiyanın sonunda Münxen şəhərinin azərbaycanlı və türk icması adından beynəlxalq təşkilatlara ünvanlanmış müraciət qəbul olunub.
Müraciətdə dünya birliyindən Xocalı soyqırımına hüquqi qiymət verilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün qəti tədbirlər görülməsi tələb edilib, beynəlxalq ictimaiyyətin baş verənlərə laqeyd qalmasının Ermənistanın daha ağır cinayətlər törətməsinə səbəb olacağı ilə bağlı narahatlıq ifadə edilib.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO