×
A
A
A
Sazlamalar

Məktəbdə mühazirə: “Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil”

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə R.Abidov adına 85 nömrəli tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil” mövzusunda tədbir keçirilib.
Məktəb direktorunun müavini Nizami Eminov müəllim və şagird kollektivinin, həmçinin valideynlərin iştirak etdikləri tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində təhsil ocağında keçirilən silsilə maarifləndirici görüşlər barədə məlumat verib, bu cür tədbirlərin gənc nəslin milli şüurunun formalaşdırılmasında müstəsna rolu olduğunu bildirib.
Suraxanı Rayonu İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Rəşid Məmmədov tədbirin əhəmiyyətindən danışıb, Azərbaycanın şanlı tarixə malik olduğunu faktlarla diqqətə çatdırıb. O, həmçinin Cümhuriyyət hökumətinin həmin dövrdə elm və təhsil sahəsində islahatlarından, Xalq Maarif Nazirliyinin hansı zərurətdən yaradılmasından söz açıb.
Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində hazırlanan tədbirdə Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin “Jurnalistika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi Samir Mirzəyevin mühazirəsi dinlənilib.
S.Mirzəyev Azərbaycan türkcəsinin dövlət dili kimi qəbul edilməsi, məktəblərin milliləşdirilməsi, Qori müəllimlər seminariyasının müsəlman şöbəsinin Qazaxa köçürülməsi, müəllim kadrlarının hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin önəmini qeyd edib, BDU-nun yaradılması, gənclərin Avropa və dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilməsi kimi mühüm hadisələr barədə məlumat verib.
Sonda mühazirəçi ilə iştirakçılar arasında maraqlı fikir mübadiləsi aparılıb.
Bilik Fondu Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı müvafiq Sərəncama uyğun olaraq silsilə tədbirlərini davam etdirir.

Elm və təhsil 2018-02-23 19:29:00