×
A
A
A
Sazlamalar

Lənkəran Dövlət Humanitar Kollecində “Xalq Cümhuriyyəti dövründə mədəniyyət siyasəti” mövzusunda mühazirə dinlənilib

Lənkəran, 23 fevral, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fevralın 23-də Lənkəran Dövlət Humanitar Kollecində keçirdiyi tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət sahəsində gördüyü işlərdən danışılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Bilik Fondunun lektoru Şəhla Aslanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyət siyasəti” mövzusunda mühazirəsi dinlənilib.
Şəhla Aslan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini bildirərək qeyd edib ki, Xalq Cümhuriyyəti hökuməti ölkəmizdə muzeylərin, teatrların, ali məktəb müəssisələrinin, kitabxanaların, yaradılması istiqamətində mühüm işlər görüb.
Diqqətə çatdırılıb ki, həmin dövrdə mədəniyyətimizin tarixində böyük hadisələr baş verib. “İstiqlal” muzeyi, “Türk Ocağı” Cəmiyyəti, “Azərbaycan” qəzeti, türk dilində ilk böyük kitabxana, ilk rəssamlıq studiyası, çoxsaylı oğlan və qız gimnaziyaları, Bakıda ilk ali məktəb məhz o dövrdə yaradılıb.
“Azərbaycan xalqı öz istiqlalını əldə etdikdən sonra ədəbi mühitdə də böyük canlanma baş verdi. Həmin dövrdə şair və yazıçılarımızın yaradıcılığında vətənpərvərlik ruhu gücləndi və istiqlal uğrunda mübarizəni özündə əks etdirən əsərlər yaranırdı”, – deyə Şəhla Aslan bildirib.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2018-02-23 19:06:00