×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanı və İndoneziya ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq layihəsi müzakirə olunub

Bakı, 23 fevral, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Səudiyyə Ərəbistanı Krallığının əmək və sosial inkişaf naziri Ali bin Nasser Al Ghafees və İndoneziya Respublikasının işçi qüvvəsi naziri Muhammed Hanif Dhakiri ilə görüşlər keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hər iki görüş İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əmək nazirlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən dördüncü konfransı çərçivəsində baş tutub.
Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında İƏT çərçivəsində əmək və sosial müdafiə sahəsində fəal əməkdaşlıq əlaqələrinin olduğunu söyləyən nazir ölkəmizdə əmək bazarı və icra olunan aktiv əmək bazarı proqramları, işçi qüvvəsinin bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün aparılan işlər, əmək və sosial müdafiə sahələrində qurulan innovativ əsaslı iş mexanizmləri barədə məlumat verib. O, həmin sahələrdə ikitərəfli formatda əməkdaşlığın qurulması və inkişafı üçün imkanların mövcud olduğunu qeyd edib.
Səudiyyə Ərəbistanı Krallığının əmək və sosial inkişaf naziri Ali bin Nasser Al Ghafees iki ölkə arasında daim inkişaf edən əlaqələrdən məmnunluğunu ifadə edib, əmək və sosial müdafiə sahələri üzrə Azərbaycanla əməkdaşlığı gücləndirmək marağında olduqlarını bildirib.
Azərbaycanlı nazir İndoneziya Respublikasının işçi qüvvəsi Muhammed Hanif Dhakiri ilə görüşdə aktiv məşğulluq tədbirlərinin təşkilində, işçi qüvvəsinin bacarıqlarının artırılmasında təcrübə və bilik mübadilələrinin aparılmasının səmərəli ola biləcəyini söyləyib. Onun indoneziyalı həmkarı ölkəsinin əmək bazarında özünü göstərən dəyişikliklərə uyğun şəkildə aparılan işləri, əmək və məşğulluq, əmək bazarının tənzimlənməsində fəal əməkdaşlığın həyata keçirilməsinə xüsusi əhəmiyyət verdiklərini diqqətə çatdırıb.
Görüşlərdə İƏT-in Bakıda yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin Təşkilata üzv dövlətlər arasında əlaqələrin genişlənməsi baxımından mühüm rol oynayacağı qeyd edilib. Hər iki görüş zamanı Mərkəzin Nizamnaməsinin Səudiyyə Ərəbistanı və İndoneziya tərəfindən də imzalanmasının nəzərdə tutulması ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Həmçinin qarşılıqlı maraq doğuran sahələrdə gələcək əməkdaşlıq məsələləri, yeni hazırlanan “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihələri müzakirə olunub.
Görüşlər zamanı azərbaycanlı nazir hər iki ölkədən olan həmkarını ölkəmizə işgüzar səfərə dəvət edib.

 

Sosial 2018-02-23 16:22:00