×
A
A
A
Sazlamalar

Cümhuriyyət dövründə qadınlar kişilərlə bərabər ölkənin ictimai–siyasi həyatında fəal iştirak hüququ əldə ediblər

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan Xalq Cümhuriyyəti və qadınlar” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir ADU-nun regionşünaslıq kafedrası və azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Sərəncamını xatırladıb. Diqqətə çatdırıb ki, Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququ verilib. Beləliklə, qadınlar kişilərlə bərabər ölkənin ictimai–siyasi həyatında fəal iştirak hüququ əldə ediblər.
S.Əliyeva XX əsrin əvvəllərində azərbaycanlı qadının sosial-hüquqi statusu, qadın və kişi hüquqları arasında kəskin fərqlərdən danışıb, təhsilli qadınların cəmiyyətdəki rolu barədə məlumat verib.
Regionşünaslıq kafedrasının dosenti Kifayət Ağayeva “XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan qadını” mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycan Xalq Cümhuriyyəti qurulduğu müddətdə ölkəmizin məişət və ictimai həyatındakı mövcud poliqamiya, məcburi evlilik və islami dəyərlərdən sui-istifadədən danışıb. Bu dövrdə “Əkinçi”, “Şərqi-rus”, “Molla Nəsrəddin” kimi qəzet və jurnalların dərc olunduğunu söyləyən K.Ağayeva maarifpərvər ziyalıların - H.Zərdabi, M.Şahtaxtlı və F.Köçərlinin bu istiqamətdə atdıqları addımları xüsusi vurğulayıb.
Sonda Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin ictimai-siyasi həyatında fəallıq göstərən, ilklərə imza atmış qadınlar və mədəni-intellektual mühitlə bağlı videoçarx nümayiş etdirilib.

Elm və təhsil 2018-02-23 15:42:00