×
A
A
A
Sazlamalar

Füzuli: aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub

Füzuli, 23 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Füzuli rayonunda uğurla icra olunur. Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər öz təsərrüfatlarını genişləndirir, taxılçılıq, pambıqçılıq, baramaçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olmaqla, həm özlərinin sosial rifahlarını yaxşılaşdırır, həm də ölkəmizdə ərzaq bolluğunun yaradılmasına töhfələrini verirlər.

100 min tondan çox taxıl istehsal olunub

Taxılçılıq Füzuli rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində mühüm addımlar atılıb. Təkcə 2017-ci ildə rayonda əkilmiş 36 min 80 hektar taxıl sahəsindən 103 min 76 ton məhsul, o cümlədən 73 min 53 ton buğda, 30 min 23 ton arpa əldə edilib. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq rayonda hər biri 1000 hektar olan dörd iri taxılçılıq təsərrüfatı, 500 hektar ərazidə isə toxumçuluq təsərrüfatı yaradılıb. İri taxılçılıq təsərrüfatlarında məhsuldarlıq xüsusilə yüksək olub.
2018-ci təsərrüfat ili üçün rayonda 36 min 505 hektar sahədə taxıl, o cümlədən 27 min 425 hektarda buğda, 8975 hektarda dən üçün arpa, 105 hektarda yaşıl yem üçün xəsil arpa səpilib. Cari ildə rayonda 110 min tondan çox taxıl istehsalı proqnozlaşdırılır.

“Füzuli Aqropark”ın yaradılması layihəsi üzrə işlər bu il başa çatacaq

Ölkəmizdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı görülən tədbirlərə uyğun olaraq, rayonun Haramı ərazisində aqropark yaradılır.
“Füzuli Aqropark”ın yaradılmasında əsas məqsəd ölkəmizdə idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması üçün strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının yetişdirilməsidir. 2700 hektar ərazini əhatə edən aqroparkda lazımi infrastruktur yaradılıb. Yeraltı su boruları, 11 ədəd müasir pivot suvarma sistemi, nasosxana və hidratlar qurulub. Aqroparkın su təminatı Yuxarı Mil kanalı vasitəsilə həyata keçiriləcək.
Aqropark ərazisinin 1500 hektarında yüksək reproduksiyalı, məhsuldar payızlıq buğda səpilib. Yazda isə pivot altında olan min hektarda soya və qarğıdalı əkilməsi nəzərdə tutulur. Aqroparkın ərazisində yardımçı binalar və ofis binası tikiləcək, kənd təsərrüfatı texnikaları alınacaq. Layihə üzrə işlərin 2018-ci ildə tam başa çatdırılması nəzərdə tutulur.
“Füzuli Aqropark”ın yaradılması, eyni zamanda, sosialyönümlü bir layihədir. Belə ki, aqroparkın istifadəyə verilməsi ilə yüzə yaxın məcburi köçkün işlə təmin olunacaq.

Ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq inkişaf etdirilir

Füzulidə ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılığın inkişafına da xüsusi diqqət yetirilir. 2017-ci ildə rayonda 2050 hektar sahədə pambıq becərilib. Tarlalardan 2100 tondan çox məhsul yığılaraq qəbul məntəqələrinə təhvil verilib ki, bu da ötən ildəkindən 4,1 dəfə artıqdır. 2018-ci ildə 2100 hektarda pambıq becərilməsi nəzərdə tutulur. Artıq fermerlərlə müqavilə bağlanıb, çiyid əkiləcək yerlər müəyyən edilib, şumlanaraq arata qoyulub.

Bu il Füzulidə 30 tondan çox barama istehsalı proqnozlaşdırılır

Baramaçılıq 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 4 ton, 2017-ci ildə 24 ton 320 kiloqram barama istehsal edilib.
Ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülür. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 82 min ədəddən çox tut tingi əkilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir. 2018-ci ildə daha çox rayon sakininin bu gəlirli sahə ilə məşğul olacağı nəzərə alınsa, 30 tondan artıq barama istehsal ediləcəyini proqnozlaşdırmaq olar.

İxracyönümlü kənd təsərrüfatı məhsulları istehsal edilir

2017-ci ildə rayonda kənd təsərrüfatının digər sahələrində əldə olunan göstəricilər də ürəkaçan olub. 3725 ton tərəvəz, 2827 ton bostan məhsulları, 1769 ton kartof, 675 ton qarğıdalı, 83 ton günəbaxan, 4955 ton çuğundur, 4 ton vələmir, 15 ton çəltik, 13 ton darı, 7 ton noxud, 2691 ton meyvə, 1551 ton üzüm istehsal edilib.
Horadiz şəhərindəki istixana kompleksində isə ixracyönümlü məhsul olan pomidor və xiyar yetişdirilir. “LBL Qrup” MMC tərəfindən yaradılan kompleksin ümumi ərazisi 16 hektar, istixana təsərrüfatının sahəsi isə 2 hektardır. Kompleksdə əsasən yerli istehsal olan müasir avadanlıqlar quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. İlkin mərhələdə kompleksdə rayondan olan 40 məcburi köçkün daimi işlə təmin edilib.
Ötən il “LBL Qrup”un istixanasında 280 ton xiyar, 110 ton pomidor istehsal olunub. Hazırda təsərrüfatın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, ərazidə 2 su anbarı və məhsulun paketlənməsi anbarı tikilib. Daha 2 hektar ərazidə istixananın qurulmasına başlanılıb. Ümumilikdə isə istixananın sahəsinin 10 hektara, işçilərin sayının isə 200-ə çatdırılması nəzərdə tutulur.

Yeni subartezian quyuları ilə 120 hektardan artıq əkin sahəsi suvarılacaq

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər də davam etdirilir. Dövlətimizin başçısının “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2017-ci il 5 iyun tarixli Sərəncamına əsasən, ötən il rayonun Şükürbəyli, Alxanlı, Aşağı Kürdmahmudlu kəndlərində, Horadiz şəhəri və Şıpartı ərazisində 5 yeni subartezian quyusu qazılıb. Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 120 hektardan artıq əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.

Cins maldarlıq inkişaf etdirilir, heyvandarlıq məhsulları istehsalı artır

Heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Son illərdə rayonda müasir heyvandarlıq kompleksinin yaradılması, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması və heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib.
Heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardımın müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb. Ötən il rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 3918 baş inək və düyə süni yolla mayalandırılıb, 1569 baş sağlam cins buzov alınıb. Bundan başqa, fermer və sahibkarlar tərəfindən lizinq yolu ilə 76 baş cins heyvan alınaraq rayona gətirilib.
Rayonda mal-qaranın baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. Belə ki, ötən il təsərrüfatlarda 2580 ton ət, 23 min 703,2 ton süd, 194,9 ton yun, 6825 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 28,2 faiz, süd istehsalı 22,4 faiz, yun istehsalı 26,6 faiz, yumurta istehsalı 4,9 faiz artıb.
İstehsal edilən bir sıra kənd təsərrüfatı məhsulları nəinki rayonun, eləcə də ölkə əhalisinin tələbatının ödənilməsində, respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Tahir Ağaməmmədov
AZƏRTAC-ın müxbiri

Kənd təsərrüfatı 2018-02-23 14:50:00