×
A
A
A
Sazlamalar

“Silahlara qarşı mübarizə” proqramı çərçivəsində ötən il görülən işlərə yekun vurulub

Bakı, 23 fevral, AZƏRTAC

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Qızıl Aypara Hərəkatının ölkəmizdə “Silahlara qarşı mübarizə” proqramı çərçivəsində həyata keçirdiyi fəaliyyətin yekununa dair görüş keçirilib.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşün məqsədi keçən il ərzində cəmiyyətin silahlara qarşı mübarizə proqramı çərçivəsində ölkə ərazisində həyata keçirdiyi tədbirlərin yekununa dair hesabat verilməsi, onun müzakirəsi, gələcək fəaliyyət proqramı və layihələrin planlaşdırılması, mina hadisələri və qurbanları barədə məlumatı əks etdirən xüsusi blankların doldurulması ilə əlaqədar məşğələnin keçirilməsi olub.
Açılış mərasimində çıxış edən Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev görülmüş işlərin təhlili və gələcək planların birgə hazırlanması üçün görüşün səmərəsini, ötən il Litva səfirliyinin dəstəyi ilə Qazax rayonun Daş Salahlı kəndində uşaqlar üçün həyata keçirilən “Təhlükəsiz oyun meydançası” layihəsini və beynəlxalq təşkilatlarla əməkdaşlığı təqdir edib.
BQXK-nın Silahlara Qarşı Mübarizə Proqramının Avrasiya bölgəsi üzrə regional meneceri Zeljko Lezaja ötən il Beynəlxalq Qızıl Xaç Komitəsinin gördüyü işlər haqqında tədbir iştirakçılarına məlumat verib.
Cəmiyyətin Silahlara Qarşı Mübarizə Proqramına məsul nümayəndəsi Məmməd Kətanov görülən işlər barədə hesabatla çıxış edib. ANAMA-nın məsul əməkdaşı Musa Calalov Qızıl Aypara Cəmiyyət və ANAMA arasında 2007-ci ildən bəri mövcud olan “Mina Hadisələri və Mina Qurbanları haqda Məlumatların Toplanması” üzrə Anlaşma Memorandumuna dair görülən işləri müsbət qiymətləndirib və iştirakçılara bəzi yenilikləri çatdırıb.

Sosial 2018-02-23 14:36:00