×
A
A
A
Sazlamalar

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydaları barədə uşaqları məlumatlandırıblar

Bakı, 23 fevral, AZƏRTAC 

Şəkidə Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə şəhər 2 nömrəli uşaq bağçasında “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, maarifləndirici tədbirin keçirilməsində məqsəd yollarda uşaqların həyat və sağlamlığının müdafiəsini təmin etmək, onları bu istiqamətdə məlumatlandırmaq olub.
Polis bölməsinin əməkdaşı Tural Niftəliyev yol nişanlarını azyaşlılara göstərərək onlar barədə məlumat verib. Tədbirdə piyadanın vəzifələri barədə balacalarda ilkin təsəvvür formalaşdırılıb, uşaqlara yollarda diqqətli olmağın vacibliyi bildirilib. Qeyd olunub ki, yol hərəkəti qaydalarının uşaqlara öyrədilməsində bağçalarda və məktəblərdə müəllimlərin, evdə isə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Böyüklər gəzinti zamanı uşaqlara bu qaydaları izah etsələr, yollarda azyaşlıların iştirakı ilə bağlı baş verən hadisələrin sayı azalar.
Tədbirdə qeyd olunub ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, azyaşlılara təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində belə tədbirlər gələcəkdə də davam etdiriləcək. Uşaqların təhlükəsizliyinində əsas məsuliyyəti böyüklər daşıyır. Verdiyimiz məsləhətlər və şəxsi nümunə onları təhlükələrdən qoruyur.
Sonda uşaqlar yol nişanları barədə şeirlər səsləndirib və onları maraqlandıran suallar cavablandırılıb.

Sosial 2018-02-23 13:06:00