×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət İqtisad Universitetində oftalmoloji müayinələr aparılıb

Bakı, 22 fevral, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında əhaliyə səyyar xidmət göstərir. Həmin aksiyalar zamanı oftalmoloqların başlıca məqsədi göz xəstəliklərini vaxtında aşkar etmək, xəstəliklərlə əlaqədar monitorinqlər aparmaq, əldə olunan nəticələri müzakirə və həll etməkdir. Səyyar klinika 2012-ci ildən bəri 17 ali təhsil müəssisəsinin tələbələri və bir sıra orta məktəb şagirdlərinin arasında müayinə və tədqiqatlar aparıb.
AZƏRTAC xəbər verir ki, mərkəzin səyyar klinikasının növbəti humanitar marşrutu Azərbaycan Dövlət İqtisad Universitetinə olub. Klinikanın üz tutduğu universitet Cənubi Qafqazda ən iri ali təhsil ocaqlarından biridir və burada mindən çox müəllim, 18 mindən çox tələbə və magistr təhsil alır. Həkim-oftalmoloqlar göz şikayətləri ilə əlaqədar onlara müraciət edən təhsil ocağının hər bir müəllim və tələbəsinə qayğı ilə yanaşıb, onları diqqətlə müayinələrdən keçiriblər. Gün ərzində İqtisad Universitetinin 150 müəllim və tələbəsi müayinə olunub, onlardan 60 nəfərə yaxınında astiqmatizm, miopatiya, katarakta və digər göz xəstəlikləri aşkar edilib.

Səhiyyə 2018-02-22 18:42:00