×
A
A
A
Sazlamalar

Oğuzlu fermer dövlətin dəstəyi ilə tütün əkini sahəsini iki dəfəyədək artıracaq

Oğuz, 22 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun Bucaq kəndindən olan fermer Rəftar Əhmədli ötən ildən tütünçülüklə məşğul olmağa başlayıb. Fermer 2017-ci ildə ilk dəfə 43 hektar sahədə tütün əkib, 43 ton quru tütün istehsal edib. Dövlətin bu sahəyə dəstəyindən ruhlanan oğuzlu fermer bu il tütün əkini sahələrini iki dəfəyə yaxın genişləndirərək 75-80 hektara çatdırmağı planlaşdırır.
Rəftar Əhmədli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əkin üçün lazım olan “Virciniya” növlü tütün şitillərinin yetişdirilməsi məqsədilə Bucaq kəndinin ərazisində ümumi sahəsi 1500 kvadratmetr olan sadə istixanalar hazırlanıb. İstixanalarda yetişdirilən tütün şitilləri ilə 75 hektar sahədə əkin aparmaq mümkün olacaq. Əkin sahələri dağətəyi ərazidə yerləşdiyi üçün tütün şitilləri sahələrə aprelin axırlarında, havalar nisbətən istiləşəndə köçürüləcək.
Xatırladaq ki, 2017-ci ildə Oğuz rayonunun fermer və ailə təsərrüfatlarında 190 hektar sahədə tütün yetişdirilib, 289,4 ton quru tütün istehsal edilib. Cari ildə isə rayonda tütün əkini sahələrinin iki dəfədən çox artırılaraq 400 hektara çatdırılması planlaşdırılır. Tütün istehsalçılarının işini asanlaşdırmaq məqsədilə hazırda rayonun Bucaq kəndi ərazisində 30 ədəd tütün qurutma kamerası quraşdırılır. Bu kameralardan 20-nin cari ilin mayında istifadəyə verilməsi nəzərdə tutulur. Ötən il isə oğuzlu fermerlər yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün qonşu rayonların emal məntəqələrinə göndərmək məcburiyyətində qalırdılar. Bu isə əlavə vaxt itkisinə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu.

Kənd təsərrüfatı 2018-02-22 02:19:00