×
A
A
A
Sazlamalar

Əməliyyat Qərargahı: İtkin düşmüş alpinistlərin axtarışları fasiləsiz davam etdirilir

Bakı, 21 fevral, AZƏRTAC
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərlə bağlı axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 metr yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.
Alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahından AZƏRTAC-a bildiriblər ki, son günlər hava şəraiti kəskin pisləşib - temperatur aşağı düşüb, qar yağıb. İntensiv yağan qar səbəbindən axtarışların aparıldığı ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə (xilasedicilərin təhlükəsizliyi təmin edilməklə), lakin fasiləsiz aparılır.
FHN bir daha təəssüf hissi ilə bildirir ki, əməliyyat barədə məlumatların mütəmadi yenilənməsinə, əməliyyat şəraitinin mürəkkəbliyinə və ən əsası yaranmış vəziyyətin həssaslığına baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks etdirməyən, xüsusilə də əməliyyatda iştirak edən dövlət qurumlarının fəaliyyəti ilə bağlı doğru olmayan məlumatlar yayırlar. Nazirlik kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə bir daha müraciət edərək FHN-in fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə, xilasetmə işlərinin aparıldığı ərazi və yaranmış vəziyyətlə birbaşa tanışlığı olmayan şəxslərin subyektiv fikirlərini yayarkən diqqətli olmağa çağırır və bu cür məlumat yayanlara yaranmış həssas vəziyyətə anlayışla yanaşmağı tövsiyə edir.

Hadisə 2018-02-21 18:43:00