×
A
A
A
Sazlamalar

Azərbaycan və İran hərbi əməkdaşlığı inkişaf etdirirlər

Bakı, 21 fevral, AZƏRTAC 

Fevralın 21-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İran nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. General-mayor Ə.Hatəmi “Şərəf kitabı”nı imzalayıb.
Görüşdə general-polkovnik Z.Həsənov general-mayor Ə.Hatəmini İranın müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və bu vəzifədə ilk xarici səfərini məhz Azərbaycana etməsini iki ölkə arasında dostluq əlaqələrinin yüksək göstəricisi kimi dəyərləndirib.
Nazir Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmamasının regional sabitliyə ciddi təhdid təşkil etdiyini iranlı həmkarının diqqətinə çatdırıb. Nazir münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması istiqamətində səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.
Dövlətlərimiz arasındakı dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələrimizin bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə də əməkdaşlığı üçün geniş potensialın olduğunu vurğulayan general-mayor Ə.Hatəmi İranın Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib. O qeyd edib ki, İran müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır.
Görüşdə Azərbaycan və İran Silahlı Qüvvələri arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda hər iki nazir görüşün nəticələrinə dair mətbuata açıqlama verib.

Ordu 2018-02-21 16:20:00