×
A
A
A
Sazlamalar

Konfransda tibb hüququnun Azərbaycan hüquq elminin yeni sahəsi kimi öyrənilməsinin vacibliyindən bəhs olunub

Bakı, 21 fevral, AZƏRTAC 

Fevralın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə “Tibb hüququ Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Milli Məclisin deputatları, dövlət qurumlarının təmsilçiləri, ali təhsil ocaqlarının rəhbərləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə konfransı giriş nitqi ilə açaraq dünya ölkələrinin təcrübəsində müstəqil hüquq sahəsi kimi formalaşan tibb hüququ barəsində geniş məlumat verib. Tibb hüququnun “embrion hüququndan cəsədin hüququnadək hər şeyi əhatə etdiyini” söyləyən professor cəmiyyətdə tibb hüququ sahəsində məlumatların olduqca səthi xarakter daşıdığını, Azərbaycan Tibb Universitetində və hüquq təhsili verən digər ali təhsil müəssisələrində həmin fənnin tədrisinin, müstəqil alternativ ekspertiza xidməti yaradılmasının və bu sahə üzrə ixtisaslaşan vəkillərin vacibliyini qeyd edib.
Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxışında həkim-xəstə münasibətləri zamanı ortaya çıxan bir sıra hüquqi məsələləri misal gətirərək söyləyib: “Əvvəllər ali məktəbdə “Hüququn əsasları” fənni tədris olunurdu, indi “Tibbi hüququn əsasları” fənninin tədrisinə ehtiyac var və güman edirəm ki, yaxın illərdən onun tədris edilməsinə başlamaq mümkün olacaq”. Onun dediyinə görə, tibbi hüququn inkişafı həm həkim, həm də xəstə üçün əlverişlidir.
“Həyat qarşıya müxtəlif məsələlər çıxarır və onlara vaxtında cavab verilməlidir” söyləyən hüququ elmləri doktoru, professor İlham Rəhimov tibbi hüquqa elmin yeni sahəsi kimi yanaşılması və onun tənzimlənməsi prosedurları barədə bir sıra vacib məqamlara toxunub və həmin məqamlar konfrans iştirakçıları arasında maraqlı polemikaya səbəb olub.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev tibb hüququ üzrə magistratura ixtisaslaşmasının zəruriliyindən danışaraq bildirib ki, sentyabrdan həmin ixtisasın tədrisi gözlənilir. Qeyd olunub ki, fakültədə təhsil alan “Sabah” qrupunun 30 tələbəsi həmin fənni seçiblər və ilk dəfə olaraq dərslərdə iştirak ediblər.
Konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov tibbi hüququn öyrənilməsinə xüsusi diqqət ayrılmasının, nəinki vəkillər, hakimlər üçün də bu sahədə kurslar təşkil edilməsinin əhəmiyyətindən danışıb.
Çıxış edənlər AMEA Hüquq və İnsan Haqları İnstitutunun nəşr etdiyi “Tibb hüququ” dərsliyinin nəşrini təqdir edərək kitabın nəzəriyyə ilə praktikanın vəhdəti sahəsində ilk addım olduğunu, dərslikdə əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi ilə əlaqədar qüvvədə olan səhiyyə qanunvericiliyinin normaları nəzərə alınmaqla tibbi hüquq barədə aydın, lakonik və yığcam şəkildə məlumat verildiyini soyləyiblər.
Konfransda akademik Nərgiz Axundova, Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, tibb üzrə elmlər doktoru Fuad Cavadov, Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsini rəisi Faiq Qurbanov, Bakı Dövlət Universitetinin kafedra müdirləri, hüquq elmləri doktoru, professorlar Məsumə Məlikova və Firudin Səməndərov tibbi hüququn ümumi xarakteristikası, vətəndaşların əsas konstitusion hüquqlarından biri olan sağlamlığın qorunması barədə maraqlı fikirlər söyləyib, eyni zamanda, tibbi fəaliyyət kontekstində yaşamaq hüququndan, ölkə qanunvericiliyində və beynəlxalq təcrübədə həkim-xəstə hüquqlarının, tibb işçilərinin hüquqi statusunun, həmin sahədə qanunların pozulmasına görə məsuliyyət hissindən söhbət açıblar.

Səhiyyə 2018-02-21 11:44:00