×
A
A
A
Sazlamalar

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə

Bakı, 20 fevral, AZƏRTAC
Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşadək hərbi vəzifəlilər martın 1-dən 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Nazirliyin Hərbi Həkim Komissiyasına göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər. Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə müqavilə imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Namizədlərin müvafiq sənədləri Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76 ünvanında yerləşən “Qızıl Şərq” hərbi şəhərciyi (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi) və hərbi birliklərin qərargahlarında qəbul edilir.
Müraciət vaxtı martın 1-dən 20-dək olmaqla hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dəkdir. Əlavə məlumatı (012) 538-85-62 nömrəli telefondan almaq mümkündür.
Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin hər hansı bir maddəsi (156-cı maddənin “a” bəndi (xidmət müddəti başa çatdığına görə) istisna olunmaqla) ilə ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğu olan hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

Ordu 2018-02-20 15:21:00