×
A
A
A
Sazlamalar

“Balaca şahzadə” tamaşası Heydər Əliyev Sarayının səhnəsində

Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də Heydər Əliyev Sarayında Rusiyanın “Sus və rəqs et” teatrı (İjevsk, Kazan və Çeboksardan olan xoreoqraflar) və rəssam Yelena Vedernikova görkəmli fransız yazıçısı Antuan de Sent-Ekzüperinin eyniadlı əsərinin motivləri əsasında “Balaca şahzadə” rəqs tamaşasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu tamaşanın başlıca məziyyəti xoreoqrafların çıxışlarının və baş qəhrəmanın hekayəsini qum üzərində təsvir edən Y.Vedernikovanın təqdimatının vəhdəti olub. Bu cür gözəl sintez tamaşaçıları “Balaca şahzadə”nin sehrli dünyasına aparır.
Süjetə görə, Saxara səhrasında məcburi eniş edən pilot qeyri-adi və müəmmalı oğlana – başqa planetdən (B-612 asteroidi) olan balaca şahzadəyə rast gəlir. Balaca şahzadə Yerdəki macəralarından söz açır, özünün kiçik planetində qoyub gəldiyi ecazkar qızılgüldən, ikisi aktiv və biri sönmüş olmaqla üç vulkanın və qızılgülün olduğu asteroiddəki həyatından danışır. O, dərin kök atmağa, bütün planeti məftun etməyə can atan baobabları yandıraraq və öz asteroidini qaydaya salaraq vaxtını keçirir. Balaca şahzadə öz planetində gündə on dəfələrlə təkrar olunan günəşin qürubunu seyr etməyi sevir. O, özünü tənha hiss edərək Kainatdakı digər yerləri öyrənmək və tanımaq üçün səyahətə yollanır. Nəhayət, Balaca şahzadə Yer planetini ziyarət edir və burada qəzaya uğramış təyyarənin pilotu ilə yanaşı, başqa personajlarla da görüşür, onlarla ünsiyyətdə insanların həyatı haqqında bir çox mühüm şeylər öyrənir.
Səhnə əsəri bakılı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Teatr və kino 2018-02-17 20:33:00