×
A
A
A
Sazlamalar

Şaansi şirkətləri Azərbaycanda yaradılan sənaye parklarında investor kimi iştiraka dəvət olunublar

Sian, 7 fevral, AZƏRTAC

Çinin Şaansi vilayətində fəaliyyət göstərən şirkətlər Azərbaycanda yaradılan sənaye parklarında investor kimi iştiraka dəvət olunublar.
İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasına səfəri çərçivəsində Şaansi vilayətinin qubernatoru Liu Goucun ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Şaansi vilayəti ilə əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çinlə ikitərəfli münasibətlərin inkişafına böyük önəm verdiyini, ölkələrimizin ticarət, investisiya, maliyyə və texniki əməkdaşlıq sahələrində əlaqələrini, tranzit əlaqələrinin genişləndirilməsinin prioritetliyini vurğulayıb, ölkəmizin Çinin regionları ilə də əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Nazir Şahin Mustafayev Şaansi vilayətində yerləşən şirkətlərin Azərbaycanda yaradılan sənaye parklarında investor kimi iştirak edə biləcəyini, parkların rezidentləri üçün tətbiq edilən güzəştlərdən, eləcə də investisiya təşviqindən yararlana biləcəyini vurğulayıb. Şaansidən olan iş adamları Ələt azad ticarət zonasında da iştirak edə bilərlər. Avtomobil sənayesi sahəsində əməkdaşlıq imkanları barədə danışan Şahin Mustafayev Şaansi avtomobil zavodunun istehsal etdiyi yük maşınlarının və avtobusların Azərbaycanda da satıldığını qeyd edib. Azərbaycanda yaradılan sənaye məhəllələri barədə məlumat verən iqtisadiyyat naziri birgə istehsalın təşkil oluna biləcəyini vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində birgə müəssisələrin yaradılmasının, İKT-nin əməkdaşlıq istiqamətlərindən olduğunu qeyd edib.
Şaansi vilayətinin qubernatoru Liu Quocun qədim İpək yolu üzərində yerləşən Azərbaycanın son illər hərtərəfli inkişafını məmnunluqla müşahidə etdiklərini bildirib, "Kəmər və Yol" strategiyası çərçivəsində ölkəmizlə əlaqələrin genişləndirildiyini bildirib. Vurğulanıb ki, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Çinə dövlət səfərini Şaansi vilayətindən başlaması vilayətlə Azərbaycan arasında əməkdaşlığın qurulması və genişləndirilməsi üçün yaxşı təməl rolunu oynayıb. Qubernator Sianda Trans-Xəzər nəqliyyat dəhlizinin uğurlu təqdimatını qeyd edərək, Azərbaycan nümayəndə heyətinin səfərinin Şaansi vilayəti ilə Azərbaycan arasında əlaqələrin dərinləşməsində əhəmiyyətli olacağını bildirib. Liu Quocun Şaansi vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın böyük potensialı olduğunu, hər iki tərəfin bu potensialdan faydalanacağını diqqətə çatdırıb.
Çinin Sian şəhərinə səfər zamanı iqtisadiyyat naziri Şahin Mustafayev, həmçinin İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədri Lu Ciancun ilə görüşüb. Görüşdə qeyd edilib ki, 75 ölkədən 90 təşkilatın daxil olduğu quruma 2016-cı ildən Azərbaycan Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) da üzvdür.
Nazir Şahin Mustafayev İpək yolu ölkələri arasında ticarət-investisiya və mədəni əməkdaşlığın dəstəklənməsi sahəsində fəaliyyət göstərən fondla iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar, eləcə də ölkəmizin nəqliyyat, tranzit və investisiya imkanları barədə məlumat verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Sian

Biznes 2018-02-07 16:30:00