×
A
A
A
Sazlamalar

Dini radikalizmlə mübarizədə dini icmaların üzərinə böyük məsuliyyət düşür

Bakı, 31 yanvar, AZƏRTAC 

Yanvarın 31-də Xızı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, rayondakı Heydər Əliyev Mərkəzində keçirilən seminar-müşavirədə icra hakimiyyətinin və DQİDK-nın nümayəndələri, dini icma rəhbərləri, rayon ziyalıları, eləcə də gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, milli mənəvi dəyərlərimizin zənginliyindən, qədim zamanlardan bəri ölkəmizdə formalaşan multikultural ənənələrdən söz açıb. Qeyd edib ki, vətəndaşlarımızın milli mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrinin qorunub saxlanılmasında, həmçinin radikalizmə qarşı mübarizədə fəal iştirakı zəruridir. Bu səbəbdən belə seminar-müşavirələrin, “dəyirmi masalar”ın keçirilməsi gənclərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Ulu Öndərimizin uzaqgörən siyasətinin dini dəyərlərimizin dirçəlməsinə yönəldiyini, onun milli mənəvi dəyərlərimizə hər zaman hörmət və qayğı ilə yanaşdığını vurğulayıb. Bildirib ki, bu nümunəvi siyasətin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsinin, dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulmasının nəticəsi olaraq bu gün ölkəmizdə dini baxımdan stabillik mövcuddur.
Dövlət Komitəsi sədrinin birinci müavini diqqətə çatdırıb ki, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması, dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur. O, maarifləndirmə tədbirlərinin kəmiyyət və keyfiyyətinin artırılmasının Dövlət Komitəsinin bundan sonrakı fəaliyyətinin də əsas istiqamətlərindən biri olduğunu bildirib. S.Salahlı dini maarifləndirmə işinin aparılmasında dini icmaların da üzərinə böyük vəzifə və məsuliyyət düşdüyünü qeyd edib, onları müasir dövrün bəlası hesab edilən dini radikalizmə, xurafata yol açan amillərin qarşısını almaqda, gənc nəsli milli mənəvi dəyərlər ruhunda yetişdirməkdə fəal olmağa çağırıb.
DQİDK-nın dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizmin ictimai təhlükəsizliyə təsiri barədə danışıb. O, dini ekstremizmin yayılmasının qarşısının alınması və gənclərə sirayət etməməsi üçün həyata keçirilən dini maarifləndirmənin önəminə diqqət çəkib. DQİDK-nın şöbə müdiri radikal dini təbliğata qarşı ənənəvi İslam dininin prinsiplərinin və sağlam ideyalarının təbliğinin əhəmiyyətinə toxunub.
Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Din 2018-01-31 17:27:00